“Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il 1229 nömrəli Fərmanında edilmiş dəyişikliyə əsasən təqaüdün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən edilib. Artımlar 2023-cü il yanvarın 1-dən tətbiq edilir. Tələb olunan sənədlər: Hal-hazırda bu təqaüd hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir: Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; Əmək kitabçasının surəti; Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi barədə diplomun surəti.