Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında edilmiş dəyişiklikliyə əsasən təqaüdün aylıq məbləği 2000 manat müəyyən edilib. Artımlar 2025-ci il iyulun 1-dən tətbiq edilir. Tələb olunan sənədlər: Hal-hazırda bu təqaüd hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir: Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; Azərbaycanın “Milli Qəhrəmanı” adı ilə təltifolunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının surəti; Azərbaycanın Milli Qəhrəmanının ölüm haqqında şəhadətnaməsinin surəti (həmin ad şəxsin ölümündən sonra verildikdə və ya şəxs sonradan vəfat etdikdə); Şəxslərin Azərbaycanın Milli Qəhrəmanının təqaüd almaq hüququ olan ailə üzvləri olmasının təsdiq edən sənədlərin (Azərbaycanın Milli Qəhrəmanının övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına münasibətdə həmin şəxslərin doğum haqqında şəhadətnamələrinin, valideynlərinə münasibətdə Azərbaycanın Milli Qəhrəmanının doğum haqqında şəhadətnaməsinin, habelə Azərbaycanın Milli Qəhrəmanının vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnaməsinin) surəti; Vəfat etmiş Azərbaycanın “Milli Qəhrəmanı”nın dul arvadının (ərinin) Azərbaycanın Milli Qəhrəmanı ilə nikahı haqqında şəhadətnamə; Azərbaycanın Milli Qəhrəmanının 23 yaşınadək övladının (övladlarının) peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisəsində təhsil alması barədə müvafiq təhsil müəssisəsinin arayışı; Azərbaycanın Milli Qəhrəmanının 18 yaşına çatmamış (təhsil alanlar təhsilini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları olduqda bu barədə həmin müəssisənin arayışı.