Dövlət rəmzləri
Azərbaycan Respublikasının Konstitusiyasından çıxarış:
MADDƏ 23. Azərbaycan Dövlətinin rəmzləri
I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
Dövlət bayrağı

Azərbaycan Respublikasının Dövlət Bayrağı
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası (indiki Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin binası) üzərində qaldırılıb. 1920-ci il aprelin 27-nə - Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”
Dövlətimizin başçısının bu sözləri xalqımızın əbədi qürur mənbəyi olan tarixi Zəfərimizlə əməli təsdiqini tapdı. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlarla cəmi 44 gün ərzində möhtəşəm Zəfər əldə etdi. Beynəlxalq səviyyədə tanınan ərazilərimiz Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad olundu.
Əsgər və zabitlərimizin müasir dünyanın hərb tarixinə misilsiz döyüş peşəkarlığı nümunəsi kimi yazılan uğurlu hərbi əməliyyatları ilə torpaqlarımız Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edildi. Parlaq Qələbəmizin davamı olaraq 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş, cəmi 23 saat davam edən uğurlu antiterror əməliyyatı nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası təmin edildi. Beləliklə, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərimizdə bərqərar oldu və həmin ərazilərdə də üçrəngli bayrağımızın vüqarla dalğalanması, işğal altında olarkən düşmən tərəfindən dağıdılmış doğma yurd yerlərimizin aparılan geniş bərpa və quruculuq işləri nəticəsində yenidən abadlaşdırılaraq dirçəldilməsi hər birimizdə böyük iftixar hissləri yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən deyib: “Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir”.
Azərbaycan Respublikasının Dövlət bayrağında mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir.
Dövlət gerbi

Azərbaycan Respublikasının Dövlət gerbi
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir.
Müasir Dövlət gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış gerb layihəsinin müəyyən dəyişikliklər edilmiş formasıdır.
Azərbaycanın Dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan edib və müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarıb. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində Dövlət gerbi haqqında qərarın qəbul edilməsi mümkün olmayıb.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırıb. Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunub və 1993-cü il yanvarın 19-da Konstitusiya qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən biri müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq edilib.
Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən Şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var. Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.
Azərbaycan Respublikasının Dövlət Himni
Musiqisi: Üzeyir Hacıbəyli
Sözləri: Əhməd Cavad
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan olundu. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.
1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib olunmuş “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.
“Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu 19 fevral 2019-cu ildə təsdiqlənib. Bu qanuna əsasən, dövlət himni aşağıdakı hallarda mütləq ifa edilir:
- Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andiçmə mərasimində (and içdikdən sonra);
- Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;
- Azərbaycan Respublikası Milli Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;
- Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;
- Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;
- Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və Azərbaycanın Milli Qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı;
- Dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən);
- Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin Dövlət Himni ifa edildikdən sonra).
Azərbaycan Respublikasının Dövlət Himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.
Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar.
Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməlidirlər.
Ümummilli Lider Heydər Əliyev deyib: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir!”.