ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Şəhid ailələrinə birdəfəlik ödəmə

Şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinə verilən birdəfəlik ödəmə haqqında məlumat

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə şamil edilir.
Birdəfəlik ödəmə 11.000 (on bir min) manat məbləğində müəyyənləşdirilib.

Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.

Şəhid ailələrinin birdəfəlik ödənişə müraciət etmə qaydası

Şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvləri nazirliyin saytında “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər.
Axtarışın nəticəsi olaraq “Şəhid hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müəyyən edilən vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ vardır” cümləsi çıxdıqda, həmin vərəsə vəfat etmiş hərbi qulluqçunun sonuncu yaşayış yeri, bu məlum olmadıqda mirasının olduğu yer üzrə  notariat kontoruna müraciət edir.
Şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsəsi tərəfindən notariat kontoruna bu sənədlər təqim olunur:
-  hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə;
-  hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edildiyi təqdirdə, bu barədə məhkəmə qərarı;
- birdəfəlik ödəmənin verilməsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına ünvanlanan ərizə. Ərizə forması notariat orqanından əldə edilir;
- bank hesabı nömrəsinə dair arayış. Vərəsənin bank hesabı olmadıqda, o istənilən bankda öz adına hesab açır və bank hesabı nömrəsinə dair arayış alır.
Vərəsəliyin müəyyən edilməsi üçün notariat orqanı tərəfindən əlavə sənədlər də tələb oluna bilər. Məsələn: doğum, nikah, ölüm haqqında şəhadətnamələr və s.

Birdəfəlik ödəməni almaq hüququnun yoxlanılması xidməti