ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Şəhid ailəsi üzvlərinə dəstək

Şəhid və şəhid ailəsi üzvləri kimlərdir?

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:

ər-arvad;;
valideyn;
18 yaşına çatmamış (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları;
18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;
18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları;
qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələr.
 
Aşağıdakılar şəhid hesab edilirlər:

1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar;
11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər;
Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar;
Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar;
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular;
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Dövlət Mühafizə Xidmətində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

Həlak olan şəxsin şəhid hesab edilməsi üçün hansı sənədlər tələb olunur?

Hərbi qulluqçulara münasibətdə: hərbi hissənin arayışı və ölüm haqqında şəhadətnamə, itkin düşmə hallarında isə məhkəmə qətnaməsi;

Mülki vətəndaşa münasibətdə: rayon (şəhər) icra hakmiyyəti orqanının arayışı.

Həlak olan şəxsin şəhid hesab edilməsi üçün tələb olunan sənədlərin alınmasından ötrü hansı orqana müraciət edilir?

Hərbi qulluqçulara münasibətdə:
- gizir və zabit heyəti üçün – xidmət etdiyi orqana (Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Mühafizə Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kadrlar idarəsi);;

- əsgərlər üçün – hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri..

Mülki vətəndaşa münasibətdə: rayon (şəhər) icra hakimiyyəti orqanına.

Şəhid ailəsi üzvü statusu və vəsiqəsi nə vaxt verilir?

Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.

Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Mühafizə Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.Şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilir. Şəhid ailələrinə vəsiqə  yaşadıqları ərazi üzrə  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir.

Şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilir. Şəhid ailələrinə vəsiqə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir.

Şəhid ailəsinin sosial təminat hüquqları nə vaxt yaranır?

Pensiya və müavinət üzrə - şəhid ailəsi üzvlərinin pensiya və müavinət almaq hüququ şəxsin şəhid olduğu gündən yaranır;

Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə - şəhid ailəsi statusuna dair arayışın verildiyi tarixdən yaranır.

Şəhid ailəsinin hansı imtiyaz və sosial təminat hüquqları vardır?

Birdəfəlik sığorta ödənişi - həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 000 manat sığorta ödənişi həyata keçirilir (sığorta hadisəsini təsdiq edən sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olduğu halda 1 yanvar 2022-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);Prosedur: Sığorta ödənişinin verilməsi üçün vərəsə (-lər) həlak olmuş hərbi qulluqçunun ölüm haqqında şəhadətnaməsinin surətini, notariat qaydada təsdiq edilmiş vərəsəlik şəhadətnaməsini  və vərəsə(-lər)nin şəxsiyyət vəsiqəsinin surətini  müvafiq quruma təqdim etməlidir. Sənədlər təqdim edildikdən 10 iş günü ərzində 11000 (on bir min) manat sığorta ödənişi vərəsə(-lər)-nin bank hesabına köçürülür.

Dəfn mərasiminin təşkili üçün maliyyə yardımı – şəhidin valideynlərinə (nümayəndələrinə) yas mərasiminin təşkili üçün 3 000 manat məbləğində maliyyə yardımının ödənilməsi (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən);

Prosedur: Valideyn (nümayəndə) həlak olma (vəfat etmə) barədə hərbi hissə (müəssisə, idarə və təşkilat) komandirinin (rəisinin) əmrini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölməsinə təqdim edir, oradan  3 (üç) iş günü müddətində müvafiq vəsait nağdsız hesablaşma yolu ilə ödənilir.

Azərbaycan Respublikası Prezidentinin təqaüdü (aylıq) - şəhid ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü (700 manat) ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

Prosedur: Şəhid ailəsi statusu haqqında müvafiq arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturuna təqdim edilir, oradan təqaüd almaq hüququ olan ailə üzvlərinə təyinat aparılaraq ödənişə göndərilir.

Ailə başçısını itirməyə görə pensiya (aylıq) – şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

Prosedur: – Şəhid zabit, gizir və müddətdən artıq xidmət edən (MAXE) şəxs olubsa, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvlərindən biri şəhidin xidmət keçdiyi quruma müraciət edir; həmin qurum məlumat vərəqəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq bölməsi şəhidin ailə üzvündən pensiya təyin edlməsi üçün digər müvafiq sənədləri qəbul edib təyinat aparır. Şəhid əsgərdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvləri müvafiq sənədlərlə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq bölməsinə müraciət edir və təyinat aparılır.

Müavinət (aylıq) – şəhidin pensiya hüququ olmadıqda ailə başçısını itirməyə görə hər bir ailə üzvü 140 manat məbləğində müavinət alır (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

Prosedur: Şəhidin ölüm haqqında şəhadətnaməsi onun ailə üzvü tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturuna təqdim edilir. Bundan sonra şəhidin ailə üzvlərinə müavinət təyin edilərək ödənişə göndərilir.

Mənzil təminatı – 1 yanvar 2023-ci ilədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailəsi üzvlərinin mənzil və ya fərdi evlə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır.

Prosedur: Bu kateqoriyadan olan şəxslər tərəfindən rayon (şəhər) İcra Hakimiyyəti orqanlarına müraciət edilir, növbəlilik siyahıları rayon (şəhər) İcra Hakimiyyəti orqanları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunur. Bu siyahılara uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlar növbəlilik əsasında mənzil və ya fərdi evlə təmin edilirlər.

Psixoloji dəstək - Şəhid ailəsi üzvlərinə postmüharibə dövründə ilkin diaqnostika aparıldıqdan sonra fərdi və qrup konsultasiyaları, ailə terapiyaları kimi psixoloji metodlardan istifadə olunmaqla psixoloji dəstək göstərilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

Prosedur: Şəhid ailəsi üzvlərinin müraciəti əsasında.

Sanatoriya-kurort müalicəsi -  şəhid ailə üzvləri ildə bir dəfədən çox olmamaqla sanatoriya-kurort putyovkaları (yollayışları) ilə (işləyənlər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 135-ci bəndinə uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən işəgötürənlərə təqdim olunan putyovkalarla (yollayışlarla) iş yerindən, işləməyənlər - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən növbəlilik əsasında təmin olunurlar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində, gediş-gəliş xərcləri daxil olmaqla). Eyni zamanda sanatoriya-kurort putyovkası (yollayışı) almaq üçün növbəyə götürülmüş 18 yaşınadək uşaqlar müşayiətçi ilə birlikdə sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar.Prosedur:  ərizələrini və sanatoriya-kurort kartasını aidiyyəti üzrə sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduqları quruma təqdim etməklə. Ərizə və sanatoriya-kurort kartası təqdim edildikdən sonra sanatoriya-kurort putyovkası (yollayışı) almaq hüququ olan və işləməyən şəxs 1 (bir) iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sanatoriya-kurort” altsistemində növbəyə götürülür və bu barədə şəxsin, uşaqlara münasibətdə isə müşayiətçinin əlaqə vasitələrindən birinə 2 (iki) iş günü müddətində qısa məlumat göndərilir, eləcə də şəxsin Nazirliyin “e-sosial” internet portalındakı şəxsi kabinetində ətraflı məlumat əks olunur. İşləyən şəxslərə münasibətdə isə sanatoriya-kurort putyovkası (yollayışı) almağa dair məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 141-ci bəndinə uyğun təmin edilir.

Təhsil - şəhid uşaqları təhsil haqqını ödəməkdən azad olunurlar (Elm və Təhsil Nazirliyi tərəfindən);

Özünüməşğulluğun təşkili: Şəhid ailəsi üzvlərinin özünüməşğulluq proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur və proqram çərçivəsində kiçik ailə təsərrüfat və müəsissələrini yaratmaları üçün onlara mal və materiallar formasında aktivlər təqdim edilir;

Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Əmək və Məşğulluq" altsisteminə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müracət etməlidir.

Haqqı ödənilən ictimai işlər: Şəhid ailəsi üzvlərinin haqqı ödənilən ictimai işlərə ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;

Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Əmək və Məşğulluq" altsisteminə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.

Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi: Şəhid ailəsi üzvlərinin sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;

Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Əmək və Məşğulluq" altsisteminə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.

Kvotadan əlavə iş yerlərinin yaradılması: Şəhid ailəsi üzvlərinin müəssisələrdə iş yerlərinə işlərə qəbulu və əməkhaqqının 100%-dək maliyyələşdirilməsi;

Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Əmək və Məşğulluq" altsisteminə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.

Sosial müəssisələrin və əlavə iş yerlərinin yaradılması, məqsədli proqramların icrası: Şəhid ailəsi üzvləri də daxil olmaqla həssas kateqoriyalardan olan şəxsləri əhatə edəcək xüsusi layihələrin həyata keçirilməsi;

Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Əmək və Məşğulluq" altsisteminə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.

Əlavə- Şəhid ailəsi üzvləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər nəzərdə tutulub.

QEYD: 11 min manat sığorta ödənişi və 3 min manat dəfn üçün maliyyə yardımı istisna olmaqla, hərbi və mülki şəhidlərin ailələrinin hüquqları bərabərdir.