“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən aşağıdakı şəxslər müharibə veteranı sayılır:
İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə.
2022-ci ilin yanvarın 1-dən etibarən, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli 3088 nömrəli Sərəncamına əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi və ödənilməsi şamil edilir.
Şəxsin müharibə veteranı hesab edilməsi üçün müharibə veteranı vəsiqəsi tələb olunur.
Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
Birdəfəlik sığorta ödənişi - hərbi qulluqçuya xəsarət (yaralanma, travma, kontuziya) alması zamanı əlilliyi müəyyən edilmədiyi zaman ağır xəsarət aldığı halda 2 750 manat, yüngül xəsarət aldığı zaman 550 manat sığorta ödənişi həyata keçirilir (“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən);
Prosedur: Xəarət almış şəxs tərəfindən ağır və ya yüngül xəsarət haqqında Silahlı Qüvvələrin müvafiq hərbi həkim komissiyasının şəhadətnaməsi (“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim edildikdən 7 iş günü ərzində şəxsin bank hesabına ödəniş aparılır. Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) ödənilir.
Bu hüquq müharibə veteranı vəsiqəsi verildiyi tarixdən yaranır. Prosedur: 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən verilir. Daha sonra, həmin qurumlar “Müharibə veteranı” adı və vəsiqəsi verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edir.Yekun mərhələ kimi, həmin məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edir. Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan və heç bir sənəd təqdim etmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçirilir. Bu barədə, həmçinin təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s. haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat verilir. Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüd 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşın bank kartına köçürülür. Daha öncə təyin edilən veteranlara “Müharibə veteranı” adı və təqaüdü təyinat tarixindən,
Vətən Müharibəsi iştirakçılarına isə “Müharibə veteranı” adı və təqaüdü 2022-ci ilin 1 yanvar tarixindən hesablanır.
Özünüməşğulluğun təşkili: Müharibə veteranları ən qısa zamanda özünüməşğulluq proqramına növbədənkənar cəlb edilir, kiçik ailə təsərrüfat və müəsissələrini qurmaları üçün aktivlərlə təmin olunurlar;
Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir. Haqqı ödənilən ictimai işlər: Müharibə veteranlarının haqqı ödənilən ictimai işlər proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur; Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir. Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi: Müharibə veteranlarının sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Təhsil – Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqının 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub.
QEYD: Müharibə veteranı müharibə ilə əlaqədar əlilliyi olan şəxsdirsə, o zaman ona müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan sosial təminat hüquqları şamil olunur.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi kateqoriyalar əsasında 2022-ci il yanvarın 1-dən etibarən “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına uyğun olaraq “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – Azərbaycan Respublikası Prezidentinin təqaüdü) təyin edilməsi və ödənilməsi təmin edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bir ay müddətində:
2.1.1.“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərin kateqoriyalarının müəyyən edilməsini təmin etsin;
2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin;
2.2. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsini təmin etmək üçün tələb olunan vəsaitin 2022-ci ilin və növbəti illərin dövlət büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görsün;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi:
3.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərin siyahısını 2022-ci il yanvarın 1-dən etibarən müəyyən edib Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, onlara “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsini, həmçinin bu barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin etsinlər;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsinlər.
4. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərin siyahısını 2022-ci il yanvarın 1-dən etibarən müəyyən edib Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, onlara “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsini, həmçinin bu barədə məlumatların 5 (beş) iş günündən gec olmayaraq kağız və elektron daşıyıcılarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını təmin etsinlər.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
5.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərə 2022-ci il yanvarın 1-dən etibarən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsini və ödənilməsini təmin etsin; 5.2. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
6. Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2021-ci il
№ 3088