1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublikamızın rəhbərliyinə qayıdışı Azərbaycanı o zaman üz-üzə qaldığı ağır problemlərdən, dövlət müstəqilliyimizin itirilməsi, ölkənin parçalanması təhlükəsindən və iqtisadi böhrandan xilas etdi. Həmin gün - Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi yazıldı.
Müasir müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna çıxmasını təmin edən ulu öndərin sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial sabitlik və inkişaf sahəsində mühüm addımlar atıldı.
“Hamımızın məqsədi insanların rifah halını yaxşılaşdırmaq, insanların gündəlik tələbatını ödəmək, insanlara yaxşı həyat tərzi yaratmaqdan ibarətdir” - deyə bəyan edən ümummilli lider Heydər Əliyevin tapşırığı və qayğısı nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial müdafiə sahəsində də konkret və məqsədyönlü addımlar atıldı.
1995-2003-cü illər ərzində ölkədə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, muzdla işləyənlərin orta aylıq əməkhaqqı 6 dəfədən çox artmışdır. Sosial sahəyə xüsusi qayğıkeşliyin göstəricisi kimi ulu öndər Heydər Əliyev tərəfindən 1993-2003-cü illərdə sosial inkişafın təmin olunması, əhalinin rifah halının yüksəldilməsi üçün 60-dan artıq sənəd imzalanmışdır.
Ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin, sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilməsi Azərbaycanın öz tarixində görünməmiş tərəqqi yoluna çıxmasını təmin etdi.
"Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik", - deyə bəyan edən Prezident İlham Əliyevin bu sözləri güclü sosial siyasətdə, genişmiqyaslı sosial müdafiə tədbirlərində, həssas qruplara şəhid ailələri və müharibə əlillərinə qayğının daim artırılmasında əməli təsdiqini tapır.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində şanlı qəhrəmanlıq tarixi yazaraq möhtəşəm zəfər əldə etdi, Azərbaycan çağdaş dünya hərb tarixinə misilsiz döyüş peşəkarlığı nümunəsi yazdı, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azad olundu.
2019-cu ildən ötən dövrdə minimum əməkhaqqı 2,3 dəfə artaraq 130 manatdan 300 manata, son 4 ildə minimum pensiya isə 2,2 dəfə artırılaraq 240 manata çatdırılıb. Orta aylıq pensiya isə 75 faiz artaraq 363, yaşa görə orta aylıq pensiya 70 faiz artaraq 394 manata çatıb. Son 4 ildə müavinət və təqaüd ödənişləri müvafiq olaraq 3 və 5 dəfə artıb. Ümumilikdə 2018-2022-ci illərdə sosial təminat növləri, yəni pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə illik xərclərdə də 70 faiz artım olub.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, məşğulluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun qarşısının alınması, formal məşğulluğa keçidin stimullaşdırılması istiqamətində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında da ardıcıl artımı təmin edir. Buna misal olaraq, 2018-2022-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz və ya 400 minə yaxın artım qeydə alınıb. İllik əməkhaqqı fondunda isə həmin dövrdə 2,2 dəfə artım olub.
Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST Agentliyi və Agentliyin DOST mərkəzləri sosial sahədə vətəndaş məmnunluğuna yönəlik köklü islahatların ən mühüm nailiyyətlərindən biridir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin (154 növdə xidmət) "bir pəncərə"dən, innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb.
Ümumilikdə Azərbaycanı tərəqqiyə, Zəfərə və sosial inkişafa aparan yol Milli Qurtuluş Günündən başladı və bu yolda ölkəmiz daim yeni-yeni tarixi nailiyyətlərə doğru inamla irəliləyir.