“Qadın, texnologiyalar və innovasiyalar” adlanan tədbirdə İT sahəsinin peşəkar mütəxəssisləri çıxış ediblər
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində Beynəlxalq "İKT-də Qızlar" Günü ilə bağlı “Qadın, Texnologiyalar və İnnovasiyalar” adlı forum keçirilib.
Tədbir “Könüllü DOST” proqramı və “ASAN Könüllüləri” Təşkilatı tərəfindən “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin tərəfdaşlığı, ASAN Radio və DOST TV-nin media dəstəyi ilə təşkil olunub.
Forumda “Könüllü DOST” proqramına və “ASAN Könüllüləri” təşkilatına üzv olan 70-dən çox xanım könüllülər iştirak ediblər. Tədbir gənc xanım könüllüləri İKT sahəsinə cəlb etmək, onların bu sahədə fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyıb.
Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Layihələrin idarəedilməsi və texnoloji həllər şöbəsinin müdir müavini Aynur Qurbanlı, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Rəqəmsal İqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva, “BakuID” investisiya tədbirinin rəhbəri Talifa İsgəndərli, “Zəhra Kosmosda” platformasının təsisçisi, kontent yaradıcısı Zəhra İmanova və “Unibank”ın Digital laboratoriya şöbəsinin back-end üzrə baş mütəxəssisi Süsən Yunisova İKT-də qadınların rolu və şəxsi uğur hekayələri barədə məlumat veriblər.
İKT-də gender bərabərliyinin qadınların hüquq və imkanlarının genişləndirilməsində əsas amillərdən biri olduğu qeyd edilib. İştirakçıların böyük marağına səbəb olan forum sual-cavab sessiyası və “Mədəniyyət Carçısı” proqramının üzvlərinin ifaları ilə yekunlaşdırılıb.