Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də əmək, məşğulluq, əmək bazarının tənzimlənməsi, əhali sakinliyi və demoqrafiya, əlillik və reabilitasiya, sosial təminat sahələri üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsidir. Bununla bağlı olaraq Nazirlik müxtəlif ölkələrin aidiyyatı qurumları və mötəbər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq həyata keçirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Türkiyə, Rusiya, Qazaxıstan, Almaniya, Avstriya, Niderland, İsveç, Macarıstan, Serbiya, Rumıniya, İtaliya, Bolqarıstan, Latviya, Gürcüstan, Türkmənistan, Belarus, Əfqanıstan, Özbəkistan, Moldova, Tacikistan və digər ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əməkdaşlıq əlaqələr qurularaq inkişaf etdirilir. İndiyədək Nazirliyin səlahiyyət dairəsi çərçivəsində xarici ölkələrin aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla Hökumətlərarası və Nazirliklərarası Saziş, Protokol, Memorandum və Proqramlar imzalanıb.
Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Beynəlxalq Əmək Təşkilatı (BƏT), BMT-nin İnkişaf Proqramı (BMT İP), Dünya Bankı (DB), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), BMT-nin Əhali Fondu (BMT ƏF), BMT-nin Uşaq Fondu (UNİCEF), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMT İHAK), Avropa İttifaqının TACİS Proqramı, EuropeAid və BQXK ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Bu əməkdaşlıq əmək, məşğulluq, əmək miqrasiyası, sosial müdafiə, əlilliyi olan şəxslərin reabilitasiyası və s. sahələrdə birgə layihələrin həyata keçirilməsi ilə müşahidə olunur və ölkəmizdə həmin sahələrin inkişafına öz töhfəsini verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu əməkdaşlıq çərçivəsində müvafiq sahələr üzrə qabaqcıl dünya praktikasının öyrənilməsi, təcrübə və məlumat mübadilələrinin aparılması istiqamətində işlər davam etdirilir.