Müavinət almaq hüququ olan şəxslər
Azərbaycan Respublikasının vətəndaşları
Müavinət hansı halda təyin olunur?
İnzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda.
Müavinətin məbləği
Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə işdən çıxdığı aydan əvvəlki 12 təqvim ayının orta aylıq məvacibinə əsasən müəyyən edilir. Bu halda 12 təqvim ayından az dövlət qulluğunda çalışmış dövlət qulluqçusuna müavinət faktiki qulluq edilmiş tam təqvim aylarına əsasən hesablanır. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Aylıq müavinətin miqdarı dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə hesablanan dövlət məvacibinin 15 faizini təşkil edir.
Müavinət hansı müddətə təyin edilir?
Müavinət ömürlük təyin edilir, şəxs yenidən dövlət qulluğuna qəbul edildiyi təqdirdə dayandırılır
Müraciət etmə qaydası
Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.
Tələb olunan sənədlər
Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
Dövlət qulluqçusunun pensiya yaşına çatmasına və ya əlilliyinə görə dövlət qulluğundan könüllü işdən çıxmasını təsdiq edən əmək kitabçasının surəti;
Dövlət qulluqçusunun məvacibi barədə dövlət orqanının arayışı.
Müraciətə baxılması müddəti
Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 (beş) gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.
Müavinətin keçmiş dövr üçün ödənilməsi
Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.
Müvafiq qanunvericilik:
1. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu
https://e-qanun.az/framework/11508
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”
https://e-qanun.az/framework/31208
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”
https://e-qanun.az/framework/4895