ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ümumi məlumat

Əlilliyin müəyyən edilməsi üçün kimlər müraciət edə bilər?

Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər 

Əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza kim tərəfindən həyata keçirilir?

Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.

Müraciət qaydası

  • Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir (Forma 88)
  • Göndərişin tərtib edilməsi üçün vətəndaş ilk növbədə qeydiyyatda olduğu yaşayış yeri üzrə tibb müəssisəsinə (poliklinika və ya xəstəxana) müraciət etməlidir

Qiymətləndirmə

Tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən həkim məsləhət komissiyasını, göndərişi təsdiq edən vəzifəli şəxsləri və əlilliyi qiymətləndiriləcək şəxsi birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar altsistem tərəfindən şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Tibbi-sosial ekspert komissiyasına (TSEK-ə) göndərilir.

Əlillik qiymətləndirilərkən yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür.

Orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda əlillik necə qiymətləndirilir?

Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.
 

Yeni əlillik meyarları üzrə qiymətləndirmə necə aparılır? İzahedici çarxı təqdim edirik:

https://www.youtube.com/watch?v=NrJVguepcCA 
 

Əlilliyin səbəbləri

Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:

ümumi səbəblərdən:

ümumi xəstəlik;

istehsalat zədəsi;

peşə xəstəliyi;

Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar;

hərbi xidmət dövrü ilə əlaqədar;

hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar;

terror hadisəsi ilə əlaqədar;

xüsusi səbəblərdən:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;

1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;

hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;

Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.

Müraciətə baxılması müddəti

TSEK 10 (on) iş günündən çox olmamaqla şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət  15 (on beş) iş gününədək uzadıla bilər.

Əlilliyin müddəti

Əlillik müddətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarları ilə müəyyən olunur.

 

Aşağıdakı hallarda və göstərilən şərtlər daxilində isə əlillik müddətsiz olaraq müəyyən edilir:

 

Əsas verən hal

1

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə

2

Şəxs “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatdıqda

3

Müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması fazi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək müəyyən edilmiş əlillik dərəcəsi olduqda aşağıdakı müddətlər nəzərə alınmaqla:

3.1.

Orqanizmin funksiyasının pozulma faizi: 31-60% (o cümlədən III dərəcə və SİMU müddəti)

Ardıcıl davam edən 15 il

3.2.

Orqanizmin funksiyasının pozulma faizi: 61-80% (o cümlədən II dərəcə və SİMU müddəti)

Ardıcıl davam edən 10 il

3.3.

Orqanizmin funksiyasının pozulma faizi: 81-100% (o cümlədən I dərəcə və SİMU müddəti)

Ardıcıl davam edən 4 il

3.4.

Fərqli faiz aralığı və ya dərəcə üzrə (o cümlədən SİMU müddəti)

Ardıcıl davam edən 15 il

 

Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

 

Əlilliyin müəyyən olunma tarixi

  • Əlilliyin müəyyən olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır
  • Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.

Əlilliyin qiymətləndirilməsinin nəticəsi barədə məlumatın verilməsi

  • Əlilliyin müəyyən edilməsi və ya edilməməsi, həmçinin bunun səbəbi barədə məlumat vətəndaşın telefonuna sms vasitəsilə göndərilir.
  • Vətəndaş əlilliyinin qiymətləndirilməsinin nəticəsi barədə məlumatı həmçinin aşağıdakı vasitələrlə əldə edə bilər:

Hər bir şəxs əlilliyi ilə bağlı elektron arayış formasında məlumatı e-sosial.az portalından şəxsən əldə edə bilər. Portalın Android və iOS mobil tətbiqlərindən də istifadə imkanı təmin edilmişdir.

  • "142" Çağrı mərkəzi.