FONT SIZE
A A A
IMAGE SHOW

Foster family

Ümumi məlumat

Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə 1 noyabr, 2022-ci ildən etibarən himayədar ailə qayğı ilə bağlı səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Ümumilikdə “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti ailə yanında yerləşdirilməsini nəzərdə tutan alternativ uşaq qayğı modelidir. “Himayədar ailə” qayğı modelində himayədar ailələr müqavilə əsasında onların yanına yerləşdirilmiş uşaqların qidalanması, təhsili, sağlamlığı, fiziki və əqli inkişafının qeydinə qalır, onların ailə mühitində böyüməsinə şərait yaradır  və buna görə dövlət tərəfindən müəyyənləşdirilən stimullaşdırıcı dəstək mexanizmlərindən istifadə edirlər.

Övladlığa götürmədən fərqli olaraq “himayədar ailə” qayğı modelində uşaq ailə yanında müvəqqəti yerləşdirilir, uşaqla himayədar valideynlər arasında valideynlik münasibətləri yaranmır, uşaq ailənin varisi sayılmır.

Qanunvericiliklə müəyyən edilmiş yaş həddi, sağlamlıq, ev şəraiti, gəlir tələblərini ödəyən subay və ya evli Azərbaycan Respublikası vətəndaşları himayədar ailə ola bilərlər.

Uşaqların xoşbəxt və qayğısız gələcəyi üçün onların qayğıya, müdafiəyə, sevgiyə ehtiyacı vardır. Bunlar valideynlik bacarıqları və motivasiyası ilə  bağlıdır. Bizim məqsədimiz himayədar ailələri müsahibədə düzgün qiymətləndirilib uşağın mənafeyi baxmından daha uğurlu himayədar valideynlərin seçilməsi prosesini təşkil etməkdir.

"Himayədar ailə" qayğı modeli üzrə müraciət və xidmətlərin idarəedilməsi övladlığa götürmədə olduğu kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi üzərindən həyata keçiriləcək. Himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotu altsistem vasitəsilə elektron qaydada aparılacaq.

Himayədar ailə necə yaranır?

Himayədar ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə əsasında yaranır.

Himayədar ailənin yaranması aşağıdakı 3 (üç) mərhələdə həyata keçirilir:

  • himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) uçota alınması;
  • himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğunun müəyyənləşdirilməsi;
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin bağlanılması.
  • Kimlər “Himayədar valideyn” ola bilər?

    • yetkinlik yaşına çatmış;
    • hər iki cinsdən olan;
    • evli və ya subay;
    • ən azı ümumi orta təhsilli;
    • uşaqların öz qohumlarına himayədar ailəyə verilməsi halı istisna olmaqla ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (himayədar ailəyə veriləcək uşaqlar istisna olmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olmayan;
    • yaşayış sahəsinin adambaşına düşən ümumi sahəsi qanunla müəyyən edilmiş yaşayış sahəsinin ayrılma normasından az olmayan;
    • qanunvericiliklə müəyyən edilmiş  ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkumluğu olmayan;
    • “Övladlığa götürməyə, himayədar ailə olmağa, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-cil 15 avqust tarixli 141 nömrəli Qərarı ilə müəyyən edilmiş xəstəliklərdən hər hansısa biri olmayan;
    • Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan vətəndaşları.

    Qeyd 1. Nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır.

    Qeyd 2. Himayədar valideyn olmaq istəyən nikahda olmayan şəxslə (şəxslərlə) himayəyə verilən uşağın yaş fərqi 18-dən az olmamalıdır.

     

    Himayədar ailə (himayədar valideyn) olmaq istəyən şəxslər elektron qaydada aşağıdakı kimi müraciət edə bilər:

    Himayədar ailə (himayədar valdeyn) olmaq istəyən şəxslər onunla birgə yaşayan 18 yaşdan yuxarı olan şəxslər ilə birlikdə istənilən notariat orqanına müraciət edir və himayədar ailə olma ilə bağlı ərizə yazır.

    Notarial qaydada təsdiq edilən ərizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra valideyn-namizəd tərəfindən himayədar ailə ilə bağlı müraciət etmək üçün Nazirliyin “e-sosial.az” internet portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə altsistemi”ndə  qeydiyyatdan keçməklə şəxsi kabinet yaradılır.

    Şəxsi kabineti yaratmaq üçün istifadəçilər ASAN Loginə sahib olmalıdırlar. ASAN Login əldə etmək üçün lazımdır:

    • Vətəndaş asan mobil nömrə almaq üçün müraciət edir (azercell,bakcell,nar mobile) və yaxud öz adına olan mobil nömrənin asan dublikatını çıxardır;
    •  Həmin asan nömrə ilə bağlı müqaviləsi və şəxsiyyət vəsiqəsi ilə birgə  ASAN Xidmət mərkəzində Vergilər pəncərəsinə yaxınlaşır və asan imza sertifikatı əldə edir;
    • E-sosial.az saytına daxil olub, asan imza ilə qeydiyyatdan keç bölməsini seçir;
    • Asan nömrəsinə SMS vasitəsilə gələn kodu daxil etməklə qeydiyyatdan keçir.

    Şəxsi kabineti yaradaraq qeydiyyatdan keçən himayədar valideyn olmaq istəyən şəxs(lər) tərəfindən “Övladlığa götürməyə, himayədar ailə olmağa, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-cil 15 avqust tarixli 141 nömrəli Qərarı ilə müəyyən edilmiş xəstəliklərdən olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizəd(lər)in (və onunla birgə eyni ünvanda yaşayan şəxsin) əyani tibbi müayinəsi əsasında əldə edilən sənədləri altsistemə daxil edirlər.

    Valideyn-namizəd(lər) və onlarla birgə eyni ünvanda yaşayan şəxs(lər) tibbi müayinələrdən keçmək üçün ölkə üzrə müəyyən edilmiş aşağıdakı tibb müəssisələrinə yaxınlaşa bilərlər:

    1. Bakı şəhər qeydiyyatında olan şəxslər - 5 nömrəli şəhər Poliklinikası;

    2. Digər şəhər/rayon qeydiyyatında olan şəxslər isə:

    1. Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası;

    2. Gəncə şəhər birləşmiş xəstəxanası PHŞ;

    3. Lənkəran rayon mərkəzi xəstəxanası PHŞ;

    4. Şəki rayon mərkəzi xəstəxanası PHŞ.

    Şəxs(lər) qeydiyyatda olduğu şəhər/rayon xəstəxanasından/poliklinikasından vərəm xəstəliyi ilə bağlı qeydiyyatda olub-olmadığı barədə əldə etdiyi tibbi arayışla adıçəkilən tibb müəssisələrinə yaxınlaşmalıdır.

    Himayədar ailə (himayədar valideyn) olmaq istəyən şəxsin (şəxslərin) uçota alınması

    Himayədar ailələrə verilən uşaqların, habelə himayədar valideyn olmaq istəyən şəxslərin vahid uçotunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıda qeyd olunan dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərindən və ehtiyatlarından istifadə etməklə elektron qaydada aparır:

  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
  • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;
  • Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi;
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;
  • Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;
  • Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi;
  • Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi;
  •  kredit büroları.
  • Himayədar valideyn-namizədlərin uçotu üçün hansı sənəd və məlumatlar tələb olunur?

     

  • valideyn-namizədin özü və onunla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərin ərizəsi (notariat orqanı tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş);
  • valideyn-namizədlər barədə fərdi məlumatlar (soyadı, adı, atasının adı, cinsiyyəti, doğum tarixi, doğulduğu yer, FİN-i, yaşayış yeri, o cümlədən faktiki yaşadığı yer (ünvan), vətəndaşlığı), birgə yaşayan şəxslər də daxil olmaqla  himayədar ailə olmağa imkan verməyən xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizədin əyani tibbi müayinəsi əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sağlamlıq haqqında arayışı;
  • ailə vəziyyəti barədə məlumat (nikah və ya nikahın pozulması haqqında şəhadətnamənin nömrəsi və tarixi);
  • iş yeri (o cümlədən vəzifəsi), əmək haqqı və başqa gəlirləri haqqında məlumat);
  • məhkumluq haqqında məlumat (məhkum olunma tarixi, cəzanın növü, müddəti, azad edilmə tarixi, azad edilmə üçün əsas);
  • aliment, kredit və digər öhdəlikləri barədə məlumat;
  • öz qohumunu (bacısı, qardaşı, nəvəsi, qardaşının və ya bacısının övladı, valideynlərinin bacısı və ya qardaşının övladları) övladlığa götürdükdə - qohumluq əlaqələrinin təsdiqi barədə məlumat (doğum haqqında şəhadətnamənin surəti);
  • Qeyd 1: Sözügedən sənədlər aidiyyəti orqanların altsistemə inteqrasiya etdiyi məlumatlar əsasında əldə olunur.

    Bu məlumatları informasiya sistemlərindən əldə etmək mümkün olmadıqda həmin sənədlərin təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında aidiyyəti orqandan tələb olunur və ya vətəndaş tərəfindən təmin olunur.

    Himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğunun müəyyənləşdirilməsi

    Himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğu Nazirlik tərəfindən aşağıdakı qaydada müəyyən edilir:

  • himayədar valideyn olmaq istəyən şəxslə (şəxslərlə) müsahibənin aparılması və həmin şəxsin (şəxslərin) maddi-məişət şəraitinin müayinəsi;
  • himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) 30 gündən çox olmayan müddətə təlimlərə cəlb edilməsi;
  • himayədar valideyn olmaq istəyən şəxsə (şəxslərə) uyğun uşağın və himayədar ailəyə veriləcək uşağa uyğun himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) seçilməsi.
  • Himayədar valideynin (valideynlərin) aşağıdakı hüquqları vardır:

  • uşağın saxlanılmasına görə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilən aylıq və birdəfəlik müavinəti almaq;
  • uşağın mənafeyinə zidd olan hallar istisna olmaqla, uşaq haqqında tam və dolğun məlumat almaq;
  • Nazirliyin fikirlərini və tövsiyələrini və uşağın fikrini nəzərə almaqla, onun tərbiyə üsullarını sərbəst müəyyənləşdirmək;
  • Nazirlikdən müqavilə üzrə öhdəliklərinin tam və vaxtında icrasını tələb etmək;
  • Nazirlik ilə razılaşdırmaqla, onun ümumi orta təhsil alması üçün təhsil müəssisəsini seçmək.
  • Himayədar valideynin (valideynlərin) aşağıdakı vəzifələri vardır:

     

  • mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə iştirak etmək;
  • uşağı tərbiyə etmək, onun fiziki və psixi, mənəvi və əxlaqi inkişafının, sağlamlığının qeydinə qalmaq, uşağa ailə mühitində qayğı və nəzarəti təmin etmək;
  • uşağın himayədar ailədə qaldığı müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) məsul sosial işçiləri tərəfindən monitorinqlərin aparılması üçün zəruri şərait yaratmaq, uşaqla bağlı hazırlanmış fərdi inkişaf planlarının uğurlu icrası üçün əməkdaşlıq etmək;
  • uşaqla birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getmək zərurəti yarandıqda (şəxsi, ailə, istirahət, müalicə, təhsil) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığını almaq;
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə uşağın öz ailəsi və qohumları ilə ünsiyyətinə şərait yaratmaq;
  • himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinəti təyinatı üzrə istifadə etmək və təsdiqedici sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmək;
  •  himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinəti təyinatı üzrə istifadə etmədikdə müavinətin məbləğini geri qaytarmaq.  
  • Uşaq himayədar ailəyə verildikdən sonra monitorinqlərin keçirilməsi

  • Nazirlik himayəyə götürülmüş uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə ayda bir dəfədən az olmamaq şərtilə himayədar ailəyə verilmiş uşaqların vəziyyətinin və himayədar ailə tərəfindən müqavilə şərtlərinə əməl edilməsinin monitorinqini aparır.
  • Nazirlik monitorinqləri planlı (qabaqcadan xəbərdar etməklə) və ya plandankənar (qabaqcadan xəbərdar etmədən) həyata keçirir.
  • Monitorinqlər zamanı ailənin yaşayış şəraiti, maddi vəziyyəti, himayədar ailəyə verilmiş uşağın və himayədar valideynlərin sağlamlıq vəziyyəti, ailədə uşağa qulluq və qayğı vəziyyəti nəzərə alınır.