Reabilitasiya xidmətləri göstərilən qazilərlə görüş olub

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Bakı Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri göstərilən qazilərlə görüşüb.

Nazir müavini 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə qazilərimizi təbrik edib. 

A.Kərimov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfərindən bəhs edib. Həmin müharibədə misilsiz döyüş qabiliyyəti nümayiş etdirən Azərbaycan Ordusunun sonsuz qürur hissi doğurduğunu vurğulayıb.

Görüşdə dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketinin artıq 100 min şəxsi əhatə edərək, onlara 190 min xidmət göstərildiyi qeyd olunub.

Bildirilib ki, dəstək tədbirlərinin bir istiqaməti olaraq, Vətən müharibəsi əlillərinin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı işləri aparılır. 

Postmüharibə dövründə Agentliyin reabilitasiya mərkəzlərində artıq 2500 qazi reabilitasiya xidmətləri, 1400-dən çox müharibə əlili 19,3 min reabilitasiya vasitəsi. 44 günlük Vətən müharibəsinin 200 qazisi, ümumən 300 müharibə əlili son nəsil müasir protezlərlə təmin edilib.

Qarabağ müharibəsi əlilləri bütün sahələrdə diqqət və qayğı, həmçinin müasir reabilitasiya mərkəzlərində keyfiyyətli bərpa-müalicə xidmətləri ilə əhatə olunduqlarını vurğulayıblar. Müavinət və təqaüdlərinin, pensiyalarının mütəmadi olaraq artırılmasından, məşğulluqlarına göstərilən dəstəkdən razılıqlarını ifadə ediblər. 

Onlar göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Görüş zamanı qazilərin rəy və təklifləri də dinlənilib.