Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Banqladeş Xalq Respublikasının ölkəmizdəki səfiri Qousal Azam Sarker ilə görüş olub.
Səfiri təyinatı münasibəti ilə təbrik edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ona yeni fəaliyyətində uğurlar arzulayıb.
Nazir müavini ötən il Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfərdən bəhs edib. Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə geniş miqyaslı quruculuq işlərinin aparıldığını vurğulayıb.
A.Əliyev ölkəmizdə aparılan sosial islahatlar, ildən-ilə genişlənən sosial müdafiə və aktiv əmək bazarı proqramları, DOST konsepsiyası, sosial sahədə elektron xidmətlərin tətbiqi barədə məlumat verib. Nazir müavini İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahı Bakı şəhərində yerləşəcək beynəlxalq statuslu Əmək Mərkəzindən bəhs edib. Həmin mərkəzin Təşkilata üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əlaqələrin inkişafında önəmli rol oynayacağını bildirib.
Q.A.Sarker ölkələrimiz arasında münasibətlərin, habelə əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin inkişafına töhfə vermək əzmində olduğunu diqqətə çatdırıb.
Görüşdə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.