Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşkilatçılığı ilə Vətən müharibəsindəki tarixi Zəfərimizə həsr olunan “II DOSTtalks” tədbiri keçirilib.
Onlayn formada keçirilən tədbir 44 günlük Vətən müharibəsi müharibəsi dövründə öz təşəbbüsləri ilə müxtəlif istiqamətlərdə fəaliyyət göstərərək, möhtəşəm Zəfərin qazanılmasına töhfəsini vermiş şəxslərin geniş ictimaiyyətə təqdim edilməsi, gənclərimizdə vətənpərvərlik hissinin daha da artırılması məqsədi daşıyıb.
Tədbir iştirakçılarını salamlayan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycan xalqı 44 gün ərzində böyük Qələbəyə nail oldu, 30 ilə yaxın erməni faşizminin əsarətində olan torpaqlarımızı azad etdi. Bu şərəfli missiyanın yerinə yetirilməsi, tarixi qələbə Azərbaycanın güclü dövlət olması, güclü iqtisadiyyyata, güclü orduya malik olması, ən əsası xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi hesabına əldə edildi. Cənab Prezidentimiz bəyan edib ki, biz işğaldan azad etdiyimiz əraziləri cənnətə çevirəcəyik. Həmin torpaqlar ölkəmizin ən gözəl, sosial-iqtisadi cəhətdən inkişaf etmiş, ən çox ziyarət edilən guşələrinə çevriləcək. Əsrlər boyu olduğu kimi, bundan sonra da xalqımız o doğma yurd yerlərində xoşbəxt firavan yaşayacaq.
S.Babayev “DOSTtalks” tədbirində müxtəlif sahələrdə çalışan, müharibə dövründə öz fəaliyyət sahələrində öz təşəbbüsləri, gücləri ilə, atdıqları hər addımda dövlətimizə, xalqımıza, ordumuza dəstək olan insanların iştirak etdiyini deyib. Bildirib ki, onlar bu sahədə gördükləri işləri, təcrübələrini, əldə etdikləri nailiyyətlərin səbəblərini bölüşəcəklər.
Tədbirdə şəhid Xudayar Yusifzadənin ifası ilə başlayan “Vətən yaxşıdır” mahnısı “Könüllü DOST” proqramının istedadlı könüllülərinin ifasında davam edib. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, millət vəkili Tural Gəncəliyev, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli “DOSTtalks”-ın fəxri qonaqları qismində çıxış edərək, möhtəşəm Zəfərimizdən bəhs edib, tədbirin əhəmiyyətini vurğulayıblar.
Könüllülərin ifasında “Ey Vətən!” mahnısı səsləndikdən sonra İctimai TV-nin “RADİUS” proqramının müəllifi və aparıcısı, Vətən müharibəsində hərbi müxbir kimi çalışmış Heydər Mirzənin, Belçikada təhsil aldığı və işlədiyi zaman Qarabağ həqiqətlərini dünyaya çatdırmağa çalışan, sonradan Vətən müharibəsində də iştirak edən Ülfət Hacıyevin, audit mütəxəssisi, müxtəlif intellektual oyunlar üzrə Azərbaycan çempionu olan, müharibə dövründə yardım kampaniyaları təşkil edərək cəbhə bölgəsinə çatdırılmasını təşkil edən Qorxmaz Aydınlının, facebook fəallarından olan, dünya ictimaiyyətinin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında fəal iştirak edən Sadiq Fərzəlibəyin, idman jurnalisti kimi işləyən, sonradan Vətən müharibəsinə yollanan, döyüşlərdə yaralanan və hazırda müalicə olunan Daşqın Əzizin çıxışları maraqla qarşılanıb.
Həmçinin ABŞ-ın Çikaqo şəhərində yaşayan, intellektual oyunlar üzrə ABŞ çempionu olan Türyan Məmmədov, 2009-cu ildən həkim-radioloq olaraq çalışan, müharibə başladıqdan sonra həkim yoldaşları ilə cəbhəyə yollanaraq Naftalan mərkəzi xəstəxanasında çalışan, yaralı əsgərlərimizə müalicə xidməti göstərən Müseyib Şərifzadə çıxış ediblər.
2016-cı ildə “Technote” media agentliyinin əsasını qoyan, müharibə dövründə sosial media platformalarında erməni tərəfinin təxribatlarını üzə çıxarmış, Azərbaycanın ərazi bütövlüyünə zidd olan rəqəmsal xəritələrdəki yanlışlıqların, təhriflərin aradan qaldırılmasında birbaşa rolu olan, bir çox qlobal brendlərin təxribat xarakterli paylaşımlarının silinməsinə nail olan Fərid Pərdəşünas da tədbirin iştirakçılarından biri olub və müharibə dövründə öz faydalı fəaliyyətləri ilə bağlı məlumat verib.
Sosial mediada canlı yayımlanan “DOSTtalks”u 3000-dək şəxs izləyib.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayında keçirilən I “DOSTtalks” tədbiri əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası mövzusuna həsr olunmuşdur.