BMT Baş Assambleyasının qətnaməsinə əsasən, hər il 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd edilir. Məqsəd əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına, onların sosial müdafiəsinə ictimaiyyətin diqqətini cəlb etməkdir.
Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı siyasət ölkəmizin qoşulduğu “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına uyğun olmaqla, onların hüquqlarının dolğun şəkildə təmin olunmasına yönəlib.
Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı əlilliyi olan şəxslərin də sosial təminatının, reabilitasiya və cəmiyyətə inteqrasiyası məqsədilə tədbirlərin ildən-ilə güclənməsinə imkan verib. Xüsusulə son üç ildə onlara yönələn sosial ödənişlərdə orta hesabla iki dəfə artım olub.
Şəhid ailələri, müharibə, 20 Yanvar, Çernobıl əlilləri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar və gözdən əlilliyi olanların mənzillə təminatı proqramı dəfələrlə genişlənib. 2021-ci ilin ötən dövründə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara 2500 mənzil, müharibə əlillərinə 164 minik avtomobili verilib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bu ilin oktyabr ayında Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi əlilliyi olan və digər həssas qruplara aid şəxslərə xüsusi qayğının daha bir təzahürüdür. Cənubi Qafqazda kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən ilk ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan mərkəz həmin şəxslərin yaradıcılıq potensialının inkişafına və onların ictimai-mədəni sferada aktiv iştirakına geniş imkanlar açır.
Həmçinin Azərbaycanda reabilitasiya sistemi müasir tələblərə uyğun qurulub. 2021-ci ilin 11 ayında Nazirliyin reabilitasiya müəssisələrində əlilliyi olan 7500-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib. 8 min əlillliyi olan şəxs 40 mindən artıq reabilitasiya vasitəsi, 164 hərbçi 173 ən müasir 4-cü nəsil elektron protezlə təmin edilib. Dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri siyahısına 2020-ci ildə 23 yeni növ də daxil edilərərk siyahıdakı reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatıb.
Əlilliyi olanların istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması tədbirləri də davam edir. Növbəti tədbir kimi, bu ilki Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar əlilliyi olan şəxslərin əl işlərindən ibarət XI Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi təşkil olunub. 217 iştirakçının 1346 əl işi təqdim edilən sərgi müsabiqənin qaliblərinə diplom və mükafatlar, digər iştirakçılara həvəsləndirici mükafatlar, təşəkkürnamələr verilib.
Əlilliyi olan şəxslərin aktiv məşğulluq proqramlarına cəlb olunması da geniş vüsət alıb. Belə proqramlardan biri olan özünüməşğulluq proqramına bu il 1200-ə yaxın əlilliyi olan şəxs cəlb edilərək onlar üçün kiçik müəsissə və təsərrüfatlar yaradılır. BMT İnkişaf Proqramı ilə birgə layihə üzrə daha 500 nəfər əlilliyi olan şəxs üçün kiçik bizneslər qurulur.