Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı və Ağdam Sənaye Parkına aid işəgötürənlərlə görüş keçirilib.
Görüşdə Agentliyin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov, həmin Agentliyin Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov, hər iki Agentliyin nümayəndələri və işəgötürənlər iştirak edib.
Böyük Qayıdışa dair Dövlət Proqramının icrası çərçivəsində Dövlət Məşğulluq Agentliyinin işğaldan azad edilmiş ərazilərimizdə “Məşğulluqdan məskunlaşmaya” devizi ilə həyata keçirdiyi aktiv məşğulluq proqramları barədə məlumat verilib. Bu proqramların icrasında həmin ərazilərdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığın önəmi vurğulanıb.
Bildirilib ki, işəgötürənlər tərəfindən vakansiya bankına vakant iş yerləri barədə məlumatlar daxil edilməsi, habelə vakant iş yerləri barədə məlumatların Agentliyin müvafiq filiallarına təqdim edilməsi Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunmasında mühüm rola malikdir.
Görüşdə işəgötürənlərlə bu istiqamətdə gələcək əməkdaşlığa dair təqdimat edilib, işəgötürənlərin təklifləri dinlənilib, müzakirələr aparılıb.