3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi Əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.
"Şərq Bazarı" ticarət kompleksi və Azərbaycan Rəssamlıq Akademiyasının dəstəyi ilə keçirilən yaradıcılıq-sərgi müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi Akademiyanın muzey-sərgi kompleksində baş tutub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı, professor Fuad Salayev, münsiflər heyətinin sədri, Azərbaycan Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov və b. iştirak ediblər.
H.Abdullayev Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyaya aid vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb.
Qeyd olunub ki, belə bir ümumrespublika səviyyəli yaradıcılıq sərgi-müsabiqəsinin təşkili də əlilliyi olan şəxslərə diqqət və qayğının daha bir nümunəsi olmaqla, onların yaradıcılıq potensialının dəstəklənməsi və cəmiyyətə tanıdılması məqsədi daşıyır.
Sərgi-müsabiqədə Bakı və bölgələr üzrə 195 nəfər əlilliyi olan şəxsin 2500 əl işi təqdim edilib. Onların sırasına rəsm, bədii oyma, bədii tikmə əsərləri, xalça və xalçaçılıq məmulatları, toxuma, metal və daş üzərində işlər və s. daxildir.
Tədbirdə yaradıcılıq nümunələrinin münsiflər heyəti tərəfindən 11 nominasiya üzrə qiymətləndirilməsi aparılıb. I, II, III yerləri tutan iştirakçılara - ümumilikdə 33 qalibə diplom və mükafatlar, sərgi-müsabiqənin digər iştirakçılarına həvəsləndirici mükafatlar və təşəkkürnamələr təqdim olunub.
Əl işlərinin satış-sərgisi 3-6 dekabr tarixlərində Azərbaycan Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində davam edəcək.