“Könüllü DOST” proqramının 5 illiyi münasibətilə ADA Universitetində “Sosial sahədə Könüllülük – 2” forumu keçirilib.
"Könüllü DOST" proqramının təşkilatçılığı ilə baş tutan forumun tərəfdaşları ADA Universiteti, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqıdır. “Könüllülük - Bərabər imkanlar, sosial ədalət və inklüzivlik” və “DİM: Davamlı inkişaf naminə tərəfdaşlıq” mövzularını əhatə edən tədbirdə “Sözsüz Harmoniya” adlanan inklüziv kompozisiya təqdim olunub.
Forumun açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident cənab İlham Əliyevin Fərmanı ilə yaradılan DOST Mərkəzlərinin sosial sahədə xidmətlərin innovativ yanaşmalar əsasında, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan verdiyini bildirib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlükləri və beynəlxalq uğurları, könüllülük hərəkatının genişlənməsində “Könüllü DOST” proqramının önəmi vurğulanıb.
Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov, ADA Universitetinin prorektoru, millət vəkili Fariz İsmayılzadə çıxış edərək daim genişlənməkdə olan könüllülük hərəkatının əhəmiyyətindən bəhs ediblər.
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin “Könüllü DOST” proqramının 5 illiyinə dair hesabatı təqdim edib.
“Könüllü DOST” proqramının “Gənc DOST”, “Gümüşü DOST”, “Korporativ DOST”, “İnklüziv DOST”, “Distant DOST” altproqramlarından ibarət olduğu, ötən dövrdə proqrama 130 mindən çox müraciət olduğu və proqrama 5 mindən çox şəxsin cəlb edildiyi, böyük əksəriyyəti gənclər olan DOST könüllülərinin fəaliyyətinin önəmi diqqətə çatdırılıb.
Forum “Sosial sahədə Könüllülük – 2” Forumu panel müzakirələrlə davam edib. “Könüllülük – Bərabər imkanlar, sosial ədalət və inklüzivlik” adlanan ilk panel 5 saylı Bakı DOST Mərkəzinin direktoru Ruslan Mirzəliyevin moderatorluğu ilə keçirilib.
Paneldə Nazirliyin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, “Birgə və Sağlam” İB-nin sədri Aytən Eynalova, Gənclərin İnkişafı və Karyera Mərkəzinin direktoru Azər Əliyev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İşçi Qüvvəsi Departamenti Sistemi üzrə baş meneceri Rəvanə Həşimova çıxış ediblər.
“DİM: Davamlı inkişaf naminə tərəfdaşlıq” adlanan ikinci panel DOST Agentliyinin Könüllülərlə iş şöbəsinin müdiri Solmaz Həsənovanın moderatorluğu ilə baş tutub.
Paneldə BMT-nin İnkişaf Proqramının Dayanıqlı və inklüziv iqtisadiyyat və layiqli əmək şöbəsinin rəhbəri Leyla Fəthi, “PAŞA Sığorta” ASC-nin Marketinq və korporativ əlaqələr departamentinin direktoru Məruz Azməmmədova, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova, “Mc Donald`s Azərbaycan” nümayəndəliyinin kadrlar üzrə rəhbəri Anar Bayramov, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Rəqəmsal iqtisadiyyat şöbəsinin rəisi Xəyalə Fətullayeva çıxış ediblər.
Hər iki panelin sonunda sual-cavab sessiyası keçirilib.