Son iki ilə yaxın dövrdə artıq 71 rayon və şəhəri əhatə edən
16 regional vahid əlaqələndirmə mərkəzi yaradılıb.
Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanının icrası işlərinin davamı olaraq, şəhid ailələri və müharibə iştirakçılarının müraciətlərinin qəbulu məqsədilə daha 4 rayonda (Ağsu, Bərdə, İmişli, Şəki) regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayıb.
Həmin mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) həmin rayonlardakı ərazi filiallarının binasında fəaliyyət göstərir və ətraf bölgələr də daxil olmaqla ümumilikdə 23 rayon və şəhər üzrə şəhid ailələri və müharibə iştirakçılarına xidmət edir.
Belə ki:
• Ağsu rayonundakı vahid əlaqələndirmə mərkəzində (Ağsu şəhəri, Niyazi Tağızadə küçəsi, 5) - İsmayıllı, Qobustan, Şamaxı, Ağsu rayonları üzrə,
• Bərdə rayonundakı vahid əlaqələndirmə mərkəzində (Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, 15) – Şuşa, Xankəndi, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Tərtər şəhər və rayonları üzrə,
• İmişli rayonundakı vahid əlaqələndirmə mərkəzində (İmişli şəhəri, Abbasqulu bəy Şadlinski küçəsi, 8A) - Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonları üzrə,
• Şəki rayonundakı vahid əlaqələndirmə mərkəzində (Şəki şəhəri, Aydın Məmmədov küçəsi, 33A) -Balakən, Qax, Qəbələ, Oğuz, Şəki, Zaqatala rayonları üzrə
xidmətlər göstərilir.
Beləliklə, ötən dövrdə DOST mərkəzlərində və DSMF-nin yerli bölmələrində olmaqla artıq 71 rayon və şəhəri əhatə edən 16 regional vahid əlaqələndirmə mərkəzi yaradılıb.
Bu mərkəzlərdə 5 mərkəzi icra hakimiyyəti (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi) və 71 yerli icra hakimiyyəti üzrə 26 xidmət “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edilir.
Ötən dövrdə bu mərkəzlərdə 83,7 min şəxsə xidmət göstərilib.