ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ümumi məlumat

Əlilliyi olan şəxslərin reabilitasiyası nədir?

Əlilliyin aradan qaldırılmasına və ya kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə əlilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpası

Əlilliyi olan şəxslərin reabilitasiyası proqramı necə hazırlanır?

Əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədi ilə Fərdi Reabilitasiya Proqramı tərtib olunur.

Fərdi Reabilitasiya Proqramının hazırlanması və təsdiq edilməsi prosesi necə baş verir?

  • Fərdi Reabilitasiya Proqramı əlilliyin müəyyən edildiyi müddətə, əlillik müddətsiz müəyyən edildikdə isə 5 (beş) il müddətinə tərtib olunur.
  • Fərdi Reabilitasiya Proqramı əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin iştirakı ilə 2  iş günü ərzində TSEK tərəfindən hazırlanır. Hazırlanmış proqram 1 iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilir.
  • Fərdi Reabilitasiya Proqramında müəyyən edilmiş tədbirlərin effektivliyinin və ya hər hansı əlavə və dəyişikliklərin zəruriliyinin müəyyən olunması məqsədilə əlilliyi olan şəxslərə münasibətdə ildə bir dəfə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə isə altı ayda bir dəfə TSEK tərəfindən aidiyyəti üzrə tədbirlərə yenidən baxılır.
  • Hazırlanmış Fərdi Reabilitasiya Proqramı Nazirliyin “e-sosial” internet portalında əlilliyi olan şəxsin şəxsi kabinetində xüsusi bölmədə əks olunur. Şəxsi kabinetdə əlilliyi olan şəxsin fərdi məlumatları, orqanizmin funksiyalarının pozulması faizi, səbəbi, müddəti, proqramın təsdiq olunma tarixi, proqram üzrə keçiriləcək reabilitasiya tədbirləri, onların başlanma və bitmə tarixləri, habelə onların icra vəziyyəti barədə məlumatlar əks olunur.

Tibbi reabilitasiya tədbirləri hansılardır?

  • bərpa müalicəsi;
  • rekonstruktiv cərrahiyyə;
  • protezləşmə;
  • ortezləşmə;
  • sanatoriya-kurort müalicəsi;
  • psixoterapiya;
  • loqopediya;
  • əlilliyi olan şəxslərin dərman preparatları ilə təmin edilməsi;
  • əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin olunması;
  • tibbi reabilitasiya tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi.

Peşə-əmək reabilitasiya tədbirləri hansılardır?

  • peşə yönümü;
  • peşə təhsili və təlimi, ixtisas artırılması;
  • məşğulluğun təmin edilməsi;
  • iş yerinin və iş şəraitinin ağlabatan uyğunlaşdırılması;
  • əlilliyi olan şəxsin iş şəraitinə adaptasiyası.

Psixoloji-pedaqoji reabilitasiya tədbirləri hansılardır?

  • şəxsin digərləri ilə bərabər təhsil almaq imkanlarının artırılması;
  • psixo-pedaqoji korreksiya;
  • fərdi təhsil proqramları üzrə məşğələlər.

Sosial bacarıqların inkişafı üzrə tədbirləri hansılardır?

  • sosial mühit;
  • sosial-pedaqoji;
  • sosial-psixoloji;
  • sosial-mədəni;
  • sosial idman;
  • sosial-məişət;
  • sosial məlumat;
  • sosial-texniki;
  • sosial hüquq.

Özəl və bələdiyyə reabilitasiya subyektlərində həyata keçirilən tədbirlər hansı mərhələlərdən ibarətdir?

  • əlilliyi olan şəxsin müayinəsi;
  • ilkin qiymətləndirmənin aparılması;
  • reabilitasiya potensialının və proqnozunun müəyyən edilməsi;
  • fərdi reabilitasiya proqramının hazırlanması;
  • reabilitasiyanın aparılması;
  • reabilitasiyanın gedişatına nəzarət edilməsi;
  • reabilitasiyanın nəticəsinin qiymətləndirilməsi.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hansı kateqoriyadan olan şəxslərə xidmət göstərilir?

  • şəhid ailələlərinin üzvləri;
  • müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları;
  • valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
  • aztəminatlı ailələr;
  • əlilliyi olan şəxslər.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində yaradıcılıq potensialının artırılması və sosial-psixoloji dəstək məqsədi ilə hansı təlimlər keçirilir?

  • rəqs
  • təsviri incəsənət
  • dulusçuluq
  • musiqi
  • dərzilik, modelyer
  • likxalçaçılıq, toxuma və tikmə
  • bədii oyma
  • floristika bağçılıq və landşaft dizaynı
  • audio-səsyazma və media
  • fotoqrafiya sənəti
  • kulinariya
  • səhnə ifaçılığı
  • kapoeyra
  • publisistika

Reabilitasiya müəssisəsinə əlilliyi olan şəxslərin qəbul edilməsinə əks göstərişlər hansılardır?

  • xəstəliyin xüsusi stasionar müalicə tələb edən kəskinləşmə və yarımkəskin mərhələsi;
  • stasionarda müalicə tələb edən tez-tez kəskinləşməyə və dekompensasiyaya, residivə meyilli ruhi xəstəliklər;
  • fəal fazada bədxassəli şişlər;
  • müxtəlif mənşəli kaxeksiyalar;
  • geniş trofik və yataq yaraları;
  • irinli-nekrotik xəstəliklər;
  • yoluxucu və zöhrəvi xəstəliklər.

Əlilliyi olan şəxslər dərman preparatları ilə necə təmin olunur?

  • dövlət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar.
  • əlilliyi olan şəxslərə dərman preparatları “Pulsuz dərman resepti blankının forması” əsasında verilir.
  • əlilliyi olan şəxslər və ya onların qanuni nümayəndəsi şəxsiyyəti təsdiq edən sənədlə tibb müəssisəsinə müraciət etdikləri gün reseptlə təmin edilirlər.
  • bir reseptdə yalnız bir dərman preparatı yazılır.

Əlilliyi olan şəxslər sanatoriya-kurort müalicəsi ilə necə təmin olunur?

  • əlilliyi olan şəxslər TSEK tərəfindən tərtib edilmiş Fərdi Reabilitasiya Proqramında nəzərdə tutulduğu halda Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi  və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən ölkə hüdudları daxilində müalicə üçün sanatoriya-kurort putyovkası (yollayışı) ilə pulsuz təmin olunurlar.
  • sanatoriya-kurort putyovkası (yollayışı) ildə bir dəfədən çox olmamaqla növbəlilik qaydasında verilir.
  • sanatoriya-kurort putyovkasının (yollayışının) verilməsi barədə Fərdi Reabilitasiya Proqramında göstəriş müəyyən edildikdən sonra əlilliyi olan şəxs 1 iş günü müddətində növbəyə götürülür.
  • növbəyə götürülmüş əlilliyi olan şəxsin, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə isə onların qanuni nümayəndələrinin əlaqə vasitələrindən birinə 2 gün ərzində qısa məlumat göndərilir, eləcə də onun Nazirliyin “e-sosial” internet portalındakı şəxsi kabinetində ətraflı məlumat əks olunur
  • əlilliyi olan şəxslər sanatoriya-kurort müəssisəsinə qəbul olunma tarixindən ən gec 7 gün əvvəl sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin edilirlər.
  • I dərəcə (orqanizmin funksiyalarının 81-100% pozulması ilə əlaqədar) əlilliyi olan şəxsin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud uşağın müşayətçiyə ehtiyacı olarsa, Fərdi Reabilitasiya Proqramının tibbi reabilitasiya bölməsində bu barədə qeyd aparılır. I dərəcə (orqanizmin funksiyalarının 81-100% pozulması ilə əlaqədar) əlilliyi olan şəxsləri və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqları müşayət edən şəxslər sanatoriya-kurort putyovkası (yollayışı) ilə həmin əlilliyi olan şəxslərin və 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların sanatoriya kurort putyovkası (yollayışları) ilə təmin olunduqları təşkilat tərəfindən təmin olunurlar.