Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə münasib iş üçün və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxslər işaxtaran şəxs hesab edilir.
15 yaşı tamam olmuş hər bir şəxs “Elektron hökümət” və ya “e-sosial” internet portallarının mövcud audentifikasiya vasitələrindən istifadə etməklə Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və məşğulluq" altsistemində “Müraciət ərizə” formasını dolduraraq işaxtaran kimi qeydiyyata alınmaq hüququna malikdir.
İşi və qazancı olmayan, işə başlamağa hazır olub, Dövlət Məşğulluq Agentliyinin struktur bölmələri və ya “DOST” mərkəzlərində işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs hesab edilir.
Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində münasib iş təklif etmək mümkün olmadıqda və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur və tərtib olunmuş fərdi məşğulluq vərəqində müvafiq qeydlər aparılmaqla onun şəxsi kabinetinə yerləşdirilir.
İşaxtaran və işsiz şəxslər fərdi məşğulluq vərəqindən çıxarışı elektron informasiya sistemindən real vaxt rejimində əldə etmək hüququna malikdirlər.
İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərin ixtisası, peşəsi, əlilliyi və yaşayış ünvanı üzrə məlumatlar dəyişdiyi halda elektron informasiya sistemində bu barədə məlumatları yeniləmək mümkündür.
İşsiz kimi qeydiyyata alınmayan və ya işsiz kimi qeydiyyatı ləğv olunan şəxs, Məşğulluq filialında işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün təkrar 1 (bir) aydan sonra müraciət etmək hüququna malikdir.
Təqdim edilmiş sənədlərdə təhrif olunmuş və ya yalnış məlumatlar olduğu üçün işaxtaran kimi qeydiyyatı ləğv edilmiş şəxs həmin hal aradan qaldırıldıqdan sonra işaxtaran kimi qeydiyyata alınmaq üçün təkrar müraciət etmək hüququna malikdir.
"Məşğulluq haqqında” Qanunun 5.8-ci və 5.10-cu maddələrinə əsasən işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında həmin maddələrdə nəzərdə tutulan müddətlər bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa edilir.