ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

İşsizlikdən sığorta

İşsizlikdən sığorta ödənişi nədir?

Sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaitidir.

Sığorta hadisəsi dedikdə nə başa düşülür?

Sığortaolunana sığorta ödənişinin ödənilməsi üçün əsas olan "İşsizlikdən sığorta" haqqında Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi halları;

Kimlər sığortaolunan hesab edilir?

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilər;

Kimlər sığortaedən sayılır?

  • Dövlət orqanları;
  • Fiziki şəxslər;
  • Seçkili orqanların rəhbərləri;

Kimlər işsizlikdən sığorta ödənişi almaq üçün müraciət edə bilər?

Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər:

  • Dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən;
  • İşçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən;
  • Əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən.
  • İşsizlikdən sığorta ödənişi almaq hüququ yaranan şəxs nə etməlidir?

    Sığorta ödənişi almaq hüququ yaranmış şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” Mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmalıdır.

    5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı müraciət edən vətəndaşa münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, şəxsin işsiz kimi qeydiyyata alınması ilə bağlı qərar qəbul edir.

    Bundan sonra şəxs sığorta ödənişi almaq üçün müraciət edir.

    Dövlət Məşğulluq Agentliyinin yerli qurumları şəxsin müraciətinə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verirlər.

    Sığorta ödənişi sığortaolunanların işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır.

    Müraciət edən şəxsə hansı halda işsizlikdən sığorta ödənişi təyin edilir?

    Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən işdən azad olunduğu hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə – sığorta ödənişi 3 ay müddətinə minimum sığorta ödənişi məbləğində təyin olunur. (Minimum sığorta ödənişi ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur).

    Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərinə və “Dövlət qulluğu haqqında” Qanunun müvafiq olaraq 33.1.2 və 33.1.3 maddələrinə əsasən işdən azad olunduğu hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə - 6 ay müddətinə əsas sığorta ödənişi sığorta stajından asılı olmayaraq, şəxslərin itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:

     

    - ilk 2 təqvim ayı üçün – 100 faiz;

    - 3–4-cü təqvim ayları üçün – 80 faiz;

    - 5–6-cı təqvim ayları üçün – 70 faiz.

    Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərinə və “Dövlət qulluğu haqqında” Qanunun müvafiq olaraq 33.1.2 və 33.1.3 maddələrinə əsasən işdən azad olunduğu hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az,  lakin ən azı 1 il  sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə - sığorta ödənişi 6 ay müddətinə minimum sığorta ödənişi məbləğində təyin olunur.

    Sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz (2023-cü il üçün 345 manatdan az və 839,40 manat məbləğindən çox ola bilməz).

    İşsizlikdən sığorta ödənişi hansı müddətə təyin edilir?

    Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində işdən azad olunan işsiz şəxslərə ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. Əmək müqaviləsinin müddətinin qurtarması əsasları ilə işdən azad olunan işsiz şəxslərə isə 3 ay müddətinə təyin edilir, sözügedən şəxslərin təkrar müraciət zamanı yenidən minimum sığorta ödənişi almaq hüququ yaranmır.

    İşsizlikdən sığorta ödənişinə hansı hallarda əlavə verilir?

    Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) və əmək münasibətlərinə dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasları ilə xitam verilən şəxslər sığorta ödənişinə əlavəni hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə almaq hüququna malikdirlər.  

     

    Sığorta tarifləri tərəflər üçün necə tənzimlənir?

    Sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə - hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;

    Sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə - işçinin əməkhaqqının 0,5 faizi.

    Hansı hallarda işsizlikdən sığorta ödənişinin verilməsi dayandırılır?

    - “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə;

    - Sığorta ödənişi alan şəxs fərdi məşğulluq proqramını üzrlü səbəblər olmadan icra etmədikdə;

    - “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.6-cı maddəsində nəzərdə  tutulan sığorta ödənişinin ödənilmə müddətləri başa çatdıqda;

    - Sığorta ödənişini alan şəxs üzrlü səbəblər olmadan “İşsizlikdən sığorta haqqında”  Qanunun 17.7-ci maddəsində müəyyən olunmuş qaydada və müddətdə fərdi məşğulluq proqramının icrası barədə hesabat təqdim etmədikdə;

    - Sığorta ödənişini alan şəxs ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1 (bir) il müddətində;

    - Sığorta ödənişini alan şəxs sığorta ödənişi aldığı dövrdə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” Mərkəzlərinə məlumat vermədən işə düzəldikdə;

    - Sığorta ödənişini alan şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərini və müddətlərini pozduqda;

    - Sığorta ödənişini alan şəxs qanunla müəyyən olunmuş qaydada işə bərpa edildikdə;

    - Sığorta ödənişi alan şəxs ali və orta ixtisas təhsil müəssisəsinə əyani qəbul olunduqda;

    - Sığorta ödənişi alan şəxs hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;

    - Sığorta ödənişi alan şəxsin barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;

    - Sığorta ödənişi alan şəxsə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə əmək pensiyası təyin edilmək üçün əsaslar yarandıqda;

    - Sığorta ödənişi alan şəxsə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə müavinət təyin edilmək üçün əsaslar yarandıqda;

    - Sığorta ödənişi alan şəxs tərəfindən təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduqda;

    - Sığorta ödənişi alan şəxs vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;

    - Sığorta ödənişini alan şəxs tərəfindən işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə.

    Fərdi Məşğulluq proqramı dedikdə nə başa düşülür?

    Fərdi Məşğulluq proqramı müvafiq icra hakimiyyəti orqanı tərəfindən münasib iş, peşə hazırlığı, əlavə təhsil, eləcə də haqqı ödənilən ictimai işlərlə bağlı təklifləri özündə əks etdirir. Sığorta ödənişi alan şəxs ayda bir dəfə bu proqramın icrası ilə bağlı hesabatı şəxsən təqdim etməlidir.

    Hansı hallarda əsas sığorta ödənişinə 1,2 əmsalı tətbiq edilir?

    Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən müəssisədə işin dayandırılması ilə əlaqədar qrup halında məzuniyyətə buraxılmış şəxslər üçün sığorta ödənişinə 1,2 əmsal tətbiq olunur.

    Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə onların əsas sığorta ödənişinə əlavə necə müəyyən edilir?

    Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinin qanunamüvafiq şəkildə əsas sığorta ödənişinə əlavəni almaq hüququ vardır. 

    Təkrar müraciət zamanı hansı məbləğdə sığorta ödənişi təyin edilir?

    Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir (hər ay üçün bərabər məbləğdə).