ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Komissiyanın Əsasnaməsi

Azərbaycan Respublikasında Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnaməsi

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə Azərbaycan Respublikasında Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın (bundan sonra— Komissiya) təşkil edilməsinin və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası (bundan sonra—Tərəflər) Komissiyanın tərəfləridirlər. 

1.3. Komissiya fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməsini rəhbər tutur.

1.4. Komissiya üzərində öz adı olan blanklara və emblemə malikdir.

1.5. Komissiyanın Katibliyi Bakı şəhərində yerləşir.

2. Komissiyanın təşkil edilmə prinsipləri və qaydaları

2.1. Komissiyanın təşkil edilməsinin əsas prinsipləri aşağıdakılardır:

2.1.1. Komissiyanın fəaliyyətində Tərəflərin könüllü iştirakı;

2.1.2. Tərəflərin hüquq bərabərliyi;

2.1.3. nümayəndə heyətlərinin müəyyən edilməsində Tərəflərin müstəqilliyi;

2.2. Komissiya hər bir tərəfdən 5 nəfər olmaqla, gender bərabərliyi şəraiitində Tərəflərin müvafiq səlahiyyətlər verilmiş nümayəndələrindən təşkil olunur və ictimai əsaslarla daimi fəaliyyət göstərir. Komissiyanın sədri say tərkibində nəzərə alınmır.

2.3. Komissiyanın tərkibinə nümayəndələrin daxil edilməsi və onların əvəz edilməsi müvafiq tərəfin təklifi əsasında həyata keçirilir.

2.4. Komissiyanın tərkibi Tərəflərin birgə qərarı ilə təsdiqlənir.

2.5. Mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada həll olunur.

3. Komissiyanın əsas məqsəd və vəzifələri

3.1. Komissiyanın əsas məqsədi ölkədə sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən etmək üçün təkliflər vermək, sosial-əmək münasibətlərini tənzimləmək, sosial stabilliyi qorumaq məqsədi ilə sosial dialoqun inkişafına dəstək verməkdir. 

3.2. Komissiyanın əsas vəzifələri aşağıdakılardır:

3.2.1. kollektiv danışıqların aparılması və Baş Kollektiv Sazişin layihəsinin hazırlanması üzrə işlərin əlaqələndirilməsi;

3.2.2. sosial-əmək münasibətlərinin ölkə səviyyəsində tənzimlənməsinə yardım edilməsi;

3.2.3. sosial-iqtisadi siyasətin formalaşdırılması, sosial-əmək münasibətləri, əhalinin məşğulluğu, əmək miqrasiyası, əmək bazarının ixtisaslı işçi qüvvəsi ilə təmin edilməsi, sosial təminat sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması və tədbirlərin həyata keçirilməsi ilə bağlı məsləhətləşmələrin aparılması;

3.2.4. məşğulluğa kömək göstərən respublika və yerli əlaqələndirmə komitələri ilə məsləhətləşmələrn aparılması və mövqelərin razılaşdırılması;

3.2.5. sosial siyasətin əsas istiqamətləri üzrə Tərəflərin mövqelərinin razılaşdırılması;

3.2.6. Tərəflərin təşəbbüsü ilə Baş Kollektiv Sazişin icrası zamanı yaranmış məsələlərin müzakirəsi;

3.2.7. sosial tərəfdaşlıq təcrübələrin yayılması, Komissiyanın fəaliyyəti haqqında ictimaiyyətin məlumatlandırılması;

3.2.8. beynəlxalq təcrübənin öyrənilməsi, sosial-əmək münasibətləri və sosial tərəfdaşlıq sahəsində beynəlxalq təşkilatların tədbirlərində iştirak edilməsi, beynəlxalq əmək normalarının ratifikasiyası və tətbiqi ilə bağlı məsələlər üzrə məsləhətləşmələrin aparılması.

4. Komissiyanın əsas hüquqları

4.1. Komissiyanın əsas hüquqları aşağıdakılardır:

4.1.1. sosial-iqtisadi siyasətin işlənilməsi və həyata keçirilməsi ilə bağlı məsələlər üzrə mərkəzi icra hakimiyyəti orqanları ilə məsləhətləşmələr aparmaq;

4.1.2. Baş Kollektiv Saziş hazırlanarkən həmkarlar ittifaqları, işəgötürənlər birliklərin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının maraqlarını uzlaşdırmaq;

4.1.3. sosial-əmək münasibətləri üzrə müvafiq sahə (sahələrarası), regional və digər komissiyalar, məşğulluğa kömək göstərən respublika və yerli əlaqələndirmə komitələri ilə qarşılıqlı əməkdaşlıq etmək;

4.1.4. kollektiv danışıqların aparılması üçün müvafiq icra hakimiyyəti orqanlarından, həmkarlar ittifaqları və işəgötürənlər birliklərindən zəruri olan məlumatlar almaq;

4.1.5. öz qərarlarının yerinə yetirilməsinə nəzarət etmək;

4.1.6. iqtisadi, sosial məsələlərə və əmək münasibətlərinə aid normativ-hüquqi aktların layihələrinin hazırlanmasında, habelə Azərbaycan Respublikasının Milli Məclisində müvafiq qanun layihələrinin müzakirəsində iştirak etmək;

4.1.7. Komissiyanın üzvləri olmayan mərkəzi icra hakimiyyəti orqanlarının, həmkarlar ittifaqları və işəgötürən birliklərinin nümayəndələrini, müvafiq qeyri-hökumət təşkilatlarının, habelə digər təşkilatların nümayəndələrini, o cümlədən beynəlxalq təşkilatların ekspertlərini Komissiyanın fəaliyyətində iştirak etmək üçün dəvət etmək, işçi qrupları yaratmaq;

4.1.8. sosial tərəfdaşlıq və sosial-əmək münasibətləri məsələləri üzrə müxtəlif seminar, konfrans və iclaslarda iştirak etmək;

4.1.9. Komissiyanın reqlamentini hazırlayıb təsdiq etmək.

5. Komissiyanın fəaliyyətinin təşkili və qərar qəbul etmə qaydaları

5.1. Katiblik Komissiyanın fəaliyyəti ilə bağlı təşkilati və kargüzarlıq işlərini yerinə yetirir.

5.2. Komissiyanın hüquq və vəzifələrinə aid edilən məsələlər Komissiyanın Katibliyinə daxil olduqda Katiblik onları Komissiya üzvlərinə və Komissiyanın sədrinə çatdırır və məsələlərə baxılması üzrə iş planı hazırlayır.

5.3. Komissiyanın iclasları altı ayda bir dəfədən az olmayaraq keçirilir.

5.4. Komissiyanın qərarları hər Tərəfdən üzvlərin ən azı 3-ünün və cəmi üzvlərin ən azı 2/3-nin iştirakı ilə qəbul edilir. Hər üçün tərəf lehinə səs verdiyi halda qərar qəbul edilmiş hesab olunur. 

5.5. Komissiyanın qərarları 10 gün müddətində Tərəflərə çatdırılır.

5.6. Komissiyanın qərar qəbul etməsinin digər şərtləri və Katibliyin fəaliyyətinin digər məsələləri Komissiyanın reqlamenti ilə müəyyən edilir. 

5.7. Qəbul olunmuş qərarla razı olmayan Komissiyanın üzvləri onların xüsusi rəylərinin Komissiyanın iclasının protokolunda qeyd edilməsini tələb edə bilərlər. 

5.8. Komissiyanın qəbul etdiyi qərarlar tövsiyə xarakteri daşıyır. İşəgötürənlərin və işçilərin əmək, sosial, iqtisadi hüquqlarına və mənafelərinə aid olan aidiyyəti normativ hüquqi aktların layihələrinə baxılarkən Komissiyanın qəbul etdiyi qərarların müzakirəsi mütləqdir. 

6. Komissiyanın sədri

6.1. Komisssiyanın sədrinin səlahiyyətləri aşağıdakılardır:

6.1.1. Komissiyanın fəaliyyətini təşkil edir, onun iclaslarına sədrlik edir;

6.1.2. işçi qruplarının tərkibini təsdiqləyir;

6.1.3. Tərəflərin mövqelərinin uyğunlaşdırılmasına yardım edir;

6.1.4. Komissiyanın reqlamentini, iş planlarını, qərarlarını və digər sənədlərini imzalayır;

6.1.5. operativ qərarlar qəbul etmək məqsədi ilə Komissiyanın iclasları arasında olan müddətdə Tərəflərin əlaqələndiriciləri ilə məsləhətləşmələr aparır;

6.1.6. Komissiyanın fəaliyyətini təmin edən Katibliyə rəhbərlik edir;

6.1.7. Komissiyanın fəaliyyəti haqqında Azərbaycan Respublikasının Prezidentinə, müvafiq dövlət orqanlarına məlumat verir;

6.2. Komissiyanın sədri Tərəflərin fəaliyyətinə müdaxilə etmir və iclaslarda qərarların qəbul edilməsində səsvermə hüququna malik deyil. 

6.3. Komissiyanın sədri onun iclasında Tərəflərin rəhbərlərindən 1 (bir) il müddətinə növbə ilə seçilir. 

7. Tərəflərin əlaqələndiriciləri

7.1. Hər bir tərəfin fəaliyyətini müvafiq tərəfin əlaqələndiricisi təşkil edir.

7.2.Hər bir tərəfi təmsil edən əlaqələndirici Tərəflərin özü tərəfindən komissiya üzvlərindən seçilir.

7.3. Hər bir tərəfin göstərişi ilə onun əlaqələndiricisi Komissiyanın iş planlarının layihələri, iclasların gündəlikləri, işçi qruplarda həmin tərəfin şəxsi heyəti barədə Komissiyanın sədrinə təkifləri təqdim edir, tərəfin öz tərkibində dəyişikliklərlə bağlı Komissiyaya məlumat verir. 

 

8. Komissiyanın üzvü

8.1. Komissiyanın üzvünün hüquq və vəzifələri Komissiyanın reqlamenti ilə müəyyən edilir.

8.2. Komissiyanın üzvünə onun səlahiyyətlərini yerinə yetirdiyi müddətə Komissiya tərəfindən müəyyən edilən formada vəsiqə verilir.