Azərbaycanda işçilərlə işəgötürənlər arasında olan münasibətlərin uzun tarixi vardır. İlkin sosial dialoq neft sənayesinin inkişafından başlanmış və ilk kollektiv saziş neft işçiləri ilə işəgötürənlər arasında 1904-cü ilin dekabr ayında imzalanmışdır.
Hazırki dövrdə ölkədə sosial dialoq üçtərəfli münasibətləri əhatə edir.
Azərbaycan 1992-ci ildə Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv olaraq BƏT-in “Üçtәrәfli mәslәһәtlәşmәlәr (beynәlxalq әmәk normaları) haqqında” 144 nömrəli Konvensiya daxil olmaqla bir çox konvensiyanı ratifikasiya etmişdir.
Sosial dialoqda iştirak edən üç tərəf - Hökümət, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Həmkarlar İttifaqları Konfederasiyasıdır. BƏT-in texniki dəstəyi ilə milli səviyyədə aparılmış üçtərəfli məsləhətləşmələrin nəticəsi olaraq 1999-cu ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsi qəbul edilmişdir.
Ölkədə və beynəlxaq səviyyədə tanınmış əsas həmkarlar ittifaqı təşkilatı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) hesab olunur. AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Hazırda AHİK-ə 1 milyondan çox üzvü olan 25-dən çox üzv həmkarlar ittifaqı təşkilatını birləşdirir və üzvlərin 40%-dən çoxu qadınlardır. Sahə həmkarlar ittifaqları təşkilatlarının əskəriyyəti Qlobal İttifaqlar Federasiyalarının üzvüdürlər. Həmkarlar ittifaqı və işəgötürənlər arasında sosial dialoqun və kollektiv danışıqların nəticəsi olaraq kollektiv sazişlər ölkə işçilərinin əksəriyyətini əhatə edir.
1999-cu ildə rabitə, sigorta, bank və digər sektorlarda çalışan 11 iri şirkət tərəfindən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) yaradılmışdır. Hazırda ASK 40 sektorda fəaliyyət göstərən 1000-dən çox şirkəti birləşdirir, onun 20-dən çox regional filialı mövcuddur.
Üçtərəfli müzakirələrin nəticəsi olaraq, Nazirlik “Sosial və iqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnaməsi”ni və Komissiyanın təsis edilməsi üçün qərar layihəsini hazırlamışdır. BƏT ilə əməkdaşlıq çərçivəsində Nazirlik tərəfindən 2014-cü ildə üçtərəfli konfrans təşkil edilərək Üçtərəfli Komissiyanın tam işlək vəziyyətə gətirilməsi işlərinin yekunlaşdırılması üzrə razılığa gəlinmişdir. Bunun nəticəsi olaraq 2016-cı ilin sentyabrında sosial tərəfdaşların nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılmışdır.