Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə özünüməşğulluq proqramı çərçivəsində Zaqatala rayon sakinləri Qocayeva Gülşən Rəcəb qızı və Məmmədov Abdulla İsa oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
Gülşən Qocayeva "kiçik dərzi sexi", Abdulla Məmmədov isə "kiçik dəmirçi sexi" biznes ideyaları üzrə özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin ediliblər.
Hər iki proqram iştirakçısı qayğı ilə əhatə olunduqlarına, kiçik biznes sahələrini yaratmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Onlar verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını vurğulayıblar.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində bu ilin ötən dövründə 171,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub, o cümlədən 6,8 min şəxs özünüməşğulluq proqramına cəlb edilib.