Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Dəstək Mərkəzi “Gender əsaslı cins seçiminin qarşısının alınması məqsədilə yeni doğulmuş qız övladları üçün qutu” layihəsini Biləsuvar və Ağsu rayonlarında davam etdirib.
Həmin rayonlarda yeni doğulmuş (cari ilin iyul və avqust aylarında) qız övladları doğulan ailələrə içərisində körpə uşaqlar üçün ləvazimatlar, gigiyenik vasitələr, geyim dəsti, uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimat olan qutu təqdim olunub. Layihə ümumilikdə 60 ailəni əhatə edib. Məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması, qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsidir.
Layihə bundan əvvəl Şamaxı, Tovuz, Masallı, Tərtər, Sabirabad, Qusar və Salyan rayonlarında uğurla icra edilib və mərhələli olaraq digər rayonlarda da həyata keçirilməsi planlaşdırılır.