Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Şuşa şəhərində “İşğaldan azad edilmiş ərazilərdə əmək şəraitinin inkişafına dəstək: ətraf mühitin əməyin təhlükəsizliyinə təsiri” mövzusunda konfrans keçirib.
Konfransda dövlət, qeyri-hökumət təşkilatlarının nümayəndələri, işəgötürənlər və işçilər iştirak edib. Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət himni səsləndirilib. Xidmətin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi maarifləndirmə tədbirlərinə dair videoçarx təqdim olunub.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Elşad İskəndərov tədbiri giriş sözü ilə açaraq, işğaldan azad edilmiş ərazilərdə əmək şəraitinin inkişafına dəstək, ətraf mühitin əməyin təhlükəsizliyinə təsiri mövzusunda Şuşada keçirilən bu konfransın əhəmiyyətini qeyd edib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Xidmətin işğaldan azad olunmuş ərazilərdə layiqli əməyin təminatına dəstək məqsədli maarifləndirmə işləri barədə məlumat verib.
Bu sahədə ötən ildən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə birgə keçirilən tədbirlərdə əməyin mühafizəsi və mina təhlükəsizliyi mövzularına xüsusi önəm verildiyi bildirilib. Həmin tədbirlərin 200-dən çox işəgötürən və 5 minədək işçini əhatə etdiyi qeyd olunub.
Gələn ay ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçiriləcəyi, bu missiyaya uyğun olaraq dövlətimizin başçısının Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi bildirilib. İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsirinin olduğu, maarifləndirmə tədbirlərinin bu mövzunu da əhatə etdiyi vurğulanıb.
İşğaldan azad edilmiş ərazilərimizdə işçilərin əmək hüquqlarının qorunması üçün elektron sistemlər üzərindən mütəmadi olaraq monitorinqlərin həyata keçirildiyi bildirilib.
Konfransda ANAMA-nın İdarə Heyəti sədrinin müavini Ceyhun Rzayev, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, AHİK sədrinin müavini Cavanşir Alxasov, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, Türkiyənin ölkəmizdəki səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Muhammed Fatih Alodalı, BƏT-in Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyevin çıxışları dinlənilib.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlərdə səmərəli əməkdaşlığa görə bir sıra işəgötürənlərə Dövlət Əmək Müfəttişliyi Xidməti “Təşəkkürnamə” təqdim edib. Konfrans çərçivəsində “Layiqli əmək: təhlükəsiz iş və zəmanətli gələcək” mövzusunda panel müzakirəsi keçirilib.