Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfiindən müharibə iştirakçıları üçün “Qəhrəmanlarımız üçün yaşıl işıq” sosial-psixoloji dəstək layihəsinə başlanıb.
Layihənin məqsədi müharibədə şərəfli döyüş yolu keçmiş qəhrəmanlarımızın psixoloji müdafiəsinin, bərpasının, dayanıqlığının təmin edilməsinə və onlarda müharibənin izləri olan psixoloji fəsadların aradan qaldırılmasıdır. Layihə ilkin qiymətləndirmə, psixoloji müdaxilə planının tətbiqindən və sosial fəaliyyətləri əhatə edən tədbirlərdən ibarət olacaqdır.
Hazırda posttravmatik stres pozuntusundan əziyyət çəkən 60 nəfər müharibə iştirakçısının psixoloji diaqnostikası aparılır. Diaqnostika aparıldıqdan sonra 20 nəfər layihə iştirakçısı üçün müvafiq fərdi müdaxilə planı tərtib olunacaq. Layihə 3 aylıq müddət ərzində icra olunacaqdır.
Layihə üzrə göstərilən xidmətlər Psixologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən həyata keçirilir.