Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Məişət zorakılığının qarşısının alınmasında hüquqi maarifləndirmənin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Nazirliyin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Nazirlik yanında İctimai şurada təmsil olunan və digər vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ekspertlər iştirak edib.
Çıxış edənlər məişət zorakılığının, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Habelə həmin şəxslərin hüquqi yardımla təmin edilməsi, məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində aparılan işlər qeyd edilib.
2021-ci ildə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsinin açılmasının əhəmiyyəti vurğulanıb. Müasir tələblərə uyğun şəraitin yaradıldığı şöbəyə qəbul edilən şəxslərin sosial-hüquqi və psixoloji dəstəklə təmin edilmələri istiqamətində aparılan işlər diqqətə çatdırılıb.
Dəyirmi masada məişət zorakılığının qarşısının alınmasında aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində hüquqi maarifləndirmə istiqamətində görülən işlərdən bəhs olunub. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsinin önəmi vurğulanıb.
Həmçinin məişət zorakılığının qarşısının alınması ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində atılan addımlar qeyd edilib, bununla bağlı təkliflər diqqətə çatdırılıb.
Sosial şəbəkələrdə də bizi izləyin: