DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və Badminton Federasiyasının birgə layihəsi olan “Şən İnklüziv Badminton” layihəsinin təqdimatı olub.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Badminton Federasiyasın prezidenti Taleh Ziyadov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev, millət vəkilləri, olimpiya idman növləri federasiya rəhbərləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində “Şən İnklüziv Badminton” layihəsinin təqdimatı və layihə üzrə fəaliyyət haqqında məlumat verilib.
DOST İnklüziv inkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarından ibarət komandaların hər bir iştirakçısına ağ köynəklər təqdim olunub. Mərkəzin üzvləri həmin köynəklərin üzərində yumoristik, bədii şüarlar yazıb, əvvəlcədən müəyyən edilmiş komanda yanaşmasına uyğun dizaynlar yaradıblar.
Dizaynların hədəfi “Şən Valan” rəsmini Olimpiya halqalarının rənglərinə boyayaraq badmintonun hər kəs üçün əlçatan olduğu mesajını çatdırmaqdır. Həmin rəsmli köynəklər Azərbaycan Milli Badminton Komandasının üzvlərinə hədiyyə edilib.
Proqram çərçivəsində benefisiarlar Badminton Milli Komandasının üzvlərinin və qonaqların iştirakı ilə Problem Əsaslı Tədris metodları üzrə səmimiyyət və əməkdaşlıq məqsədli 5 interaktiv, inklüziv simulasiya fəaliyyətinə cəlb edilib.
Həmin tədris metodu inklüziv benefisiarların məntiqi düşüncə tərzinin inkişafına yönəlib. Badmintonun hər kəsə əlçatanlığını göstərmək üçün tədbir iştirakçılarına Virtual Reallıq proqramı nümayiş etdirilib. Proqram xüsusi səs effektləri və 3D görüntü vasitəsi ilə fiziki məhdudiyyətli iki inklüziv benefisiara öz həmkarları ilə virtual formada badminton oynamaq imkanı qazandırır.
Layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
2021-ci ilin oktyabrında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin məqsədi həssas qruplardan olan şəxslərin sosial adaptasiyasına, onların bacarıqlarının inkişafına və üzə çıxarılmasına dəstək göstərməkdir.
Mərkəz bu hədəfə nail olmaq üçün müstəqil layihələrlə yanaşı, müntəzəm olaraq digər qurumlarla birgə proqramlar həyata keçirir. Badminton Federasiyası ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan yeni layihə də inklüziv inkişafı təmin etmək, Mərkəzin benefisiarlarının cəmiyyətə inteqrasiya prosesini sürətləndirmək məqsədi daşıyır.
Tədbir Mərkəzin üzvlərinin ifasında musiqi proqramı ilə davam etdirilib. Tədbir iştirakçıları benefisiarların əl işlərindən ibarət sərgi ilə də tanış olublar.
Bu layihə benefisiarlara dünyada trend olan Sosial Korporativ Məsuliyyət modeli, STEAM əsaslı tədris, virtual reallıq, eləcə də alqoritmik startup proqramları vasitəsilə müasir texnologiyalarla badmintonun yeni idman növünü sınaqdan keçirmək imkanı qazandıracaq.
Bununla da Bakı şəhəri və regionlar üzrə potensial inklüziv klublar yaradaraq badmintonu hamı üçün inklüziv idman növü kimi tərənnüm etmək, benefisiarlar üçün effektiv, güclü və davamlı mühitə nail olmaqdır.