Ölkəmizdə 600 minədək uşaq sosial təminat növləri üzrə ödənişlərlə təmin olunur
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqların müdafiəsi sahəsində fəal dövlət siyasətinə malik olan Azərbaycanda da bu gün hər il yüksək səviyyədə qeyd olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən:
aylıq sosial müavinət, təqaüd və birdəfəlik müavinət ödənilir.
Ailə başçısını itirməyə görə aylıq sosial müavinət və ya pensiya ödənilən ailə üzvlərinin 95 faizdən, ünvanlı sosial yardım alan ailə üzvlərinin 50 faizdən çoxu uşaqlardır. Ümumilikdə, ölkəmizdə həssas əhali qruplarına aid 600 minədək uşaq üçün sosial təminat növləri üzrə ödənişlər edilir.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə ötən il açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi həssas təbəqədən olan uşaqların da yaradıcı potensialının inkişafına geniş imkanlar açıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış Mərkəzdə gün ərzində 100-dən çox uşaq təlimlər keçir.
Ötən il Qəbələ Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verilməklə Nazirliyin uşaq reabilitasiya müəssisələrinin sayı 3-ə çatdırılıb. Görülən işlərin davamı kimi, bu ilin 4 ayında həmin mərkəzlərdə sağlamlıq imkanları məhdud 3338 uşağa reabilitasiya xidmətləri göstərilib, 1061 uşağa 2173 reabilitasiya vasitəsi verilib. Cari ildə Şəmkir rayonunda da Uşaq Reabilitasiya Mərkəzi açılacaq.
Nazirliyin sosial xidmət müəssisələrində isə bu il həssas qruplardan olan, o cümlədən sağlamlıq imkanları məhdud 300-dən çox uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilib. İcra olunan sosial xidmət layihələri çərçivəsində isə hər il minlərlə uşaq reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunur.
Övladlığagötürmə üzrə idarəetməni 1 noyabr 2019-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Bu sahədə yeni idarəetmə modeli yaradılmaqla, xidmətlərin elektronlaşdırılması, şəffaf və çevik xidmətlər sisteminin qurulması təmin olunub. Həmin vaxtdan 124-ü oğlan, 119-u qız olmaqla 243 uşaq, o cümlədən bu ilin ötən dövründə 51-i oğlan, 44-ü qız olmaqla 95 uşaq övladlığa götürülüb.
Hazırda isə Nazirlik valideyn himayəsindən məhrum uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüməsi və inkişafına şərait yaratmağı hədəfləyən “Himayədar ailə” modelinin tətbiqinə hazırlaşır. Bu sahədə də e-infrastruktur üzərində müasir və çevik, şəffaf idarəetmə və xidmətlər sistemi qurulur.