Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzinin direktoru Firudin Cəbrayılov möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri olan Şirvanov Mehman Mirəziz oğlunun ailəsini Ramazan bayramı ərəfəsində ziyarət edib.
Polkovnik-leytenant Mehman Şirvanov Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə o, ölümündən sonra “Qarabağ ordeni”, “Vətən uğrunda”, “Suqovuşanın” azad olunmasına görə medalları ilə təltif edilib.
Şəhidimizin ailəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni 2 otaqlı mənzil təqdim edilib. Ailəyə sığorta ödənişi, maddi yardım edilib və sosial ödənişlər təyin olunub.
Özü də Vətən müharibəsinin qazisi olan F.Cəbrayılov görüş zamanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan işləri qeyd edib. Bu işlərin gələcəkdə də davam edəcəyini vurğulayıb.
Ailə ilə söhbət zamanı şəhid Mehman Şirvanovun həyat yolundan, döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs olunub. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Həmçinin DOST İş Mərkəzinin fəaliyyəti çərçivəsində şəhid ailələri və qazilərə göstərilən dəstək qeyd edilib. 1000-dən çox şəhid ailəsi üzvünün və müharibə əlilinin “İşsizin Dostu”proqramı çərçivəsində, habelə Mərkəzin aparatında işlə təmin edildiyi diqqətə çatdırılıb.