Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksində daha iki paralimpiya idman növü - oxatma və tennis üzrə də məşqlərin keçirilməsinə başlanıb.
Bunun üçün Kompleksdə təlim-məşq toplanışları üçün zəruri şərait yaradılıb. Məşqlər Azərbaycan Milli Paralimpiya Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunur.
Paralimpiya İdman Kompleksi əlilliyi olan şəxslərin idmanla məşğul olması və idman bacarıqlarının artırılmasına, müxtəlif idman yarışlarına hazırlığına, həmçinin tibbi-sosial reabilitasiyanın təşkilinə xidmət göstərir. Burada hazırda 10-dan çox idman növü (cüdo, karate, üzgüçülük, gimnastika, futbol, boks, ciu-citsu, kapueyro və s.) üzrə məşqlər keçirilir. Onlardan 6-sı (paracüdo, üzgüçülük, güllə atıcılığı, kamandan oxatma, stolüstü tennis, pouerlifting) paralimpiya idman növlərinə daxildir.
Ötən il əlilliyi olan 354 idmançıya xidmət göstərən İdman Kompleksinin fəaliyyət istiqamətlərinə peşəkar və həvəskar idman məşğələlərinin təşkili, sağlam idmana inteqrasiyanın və sağlam həyat tərzinin təbliği aiddir.
Milli Paralimpiya Komitəsinin yığma komandasının tərkibində "Tokio-2020" Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edənlər sırasında təlim-məşq proseslərini mütəmadi olaraq Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksində keçən idmançılar da yer alıb və yüksək nailiyyətlər əldə ediblər.