Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Televiziyasının birgə “Tut əlimdən” layihəsinin növbəti iştirakçıları Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov və Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan xüsusi təyinatlı, baş leytenant Kamran Kazımovun övladları Aydan və Ərtoğruldır.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid K.Kazımov "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və “Qarabağ” ordeni ilə təltif edilib.
Bu axşam, saat 18:30-da AzTV-də F.Heydərov və şəhid uşaqlarının birgə keçirdiyi bir günü izləyəcəyik. Onlar əvvəlcə şəhid K.Kazımovun yaşadığı ərazidəki portretinin yanına gələrək onu ziyarət ediblər. Daha sonra Qobustan Milli Tarixi-Bədii Qoruğunu, Qız qalasını ziyarət ediblər. Gələcəkdə polis olmaq istəyən Aydan və Ərtoğrulun Səbail rayon Polis İdarəsində görüşü də təşkil olunub. Onlar polislərin iş rejimi, xidməti avtomobildən istifadə qaydaları ilə tanış olublar.
“Tut əlimdən” layihəsi çərçivəsində rəhbər vəzifəli, tanınmış şəxslər bir gününü şəhid övladları ilə keçirir. Onların asudə vaxtını mənalı keçirmələrinə dəstək olur, qayğılarını bölüşür. Layihənin məqsədi Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın əmanətləri olan övladlarının daim diqqət və qayğı ilə əhatə olunduqları mesajını cəmiyyətə çatdırmaqdır.