Bu gün xalqımızın ümummilli lideri, bütün həyatını Azərbaycanın dirçəlişinə, inkişafına həsr etmiş və bu yolda misilsiz tarixi xidmətlər göstərmiş görkəmli dövlət xadimi və dünya şöhrətli siyasi şəxsiyyət Heydər Əliyevin anım günüdür.
Ulu öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanı keçmiş sovetlər birliyində qabaqcıl respublikalar sırasına çıxarıb. 1993-cü ilin iyununda xalqımızın çağırışı ilə respublika rəhbərliyinə qayıdan Ulu Öndər ölkəmizi ağır bəlalardan, ciddi təhlükələrdən xilas edərək, müstəqil Azərbaycan dövlətinin qurulmasını və uzunmüddətli inkişaf yoluna çıxmasını təmin edib.
Əhalinin həssas qruplarına, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə daim xüsusi qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev dövlət quruculuğu prosesləri ilə yanaşı, Azərbaycanda güclü sosial siyasəti formalaşdırıb. Ulu öndərimiz ölkədə mühüm sosial proqramlara başlanmasını, təkmil və etibarlı sosial müdafiə sisteminə keçidi təmin edib.
Ümummilli lider Heydər Əliyev tərəfindən ölkəmizin dinamik tərəqqisi naminə əsası qoyulan uğurlu milli inkişaf strategiyası 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qruplardan olan vətəndaşlara qayğının artırılması istiqamətində tədbirlər, sosial proqramlar da ildən-ilə genişllənir.
Ulu öndər Heydər Əliyevin işıqlı xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq!