Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” ölkəmizdə uşaqları müdafiə sisteminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə tədbirlərin reallaşdırılmasına xidmət edir.
Sənəddə digər tədbirlərlə yanaşı, çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi də yer alır. Alternativ qayğı xidmətlərinin inkişafı, uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi, uşaqların əlilliyinin qarşısının alınması və inkişaf pozuntularının erkən aşkarlanması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi və bu sahədə metodikaların təkmilləşdirilməsi və s. nəzərdə tutulur.
Planda valideyn himayəsindən məhrum olmuş, baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşaqların sosial xidmətlərə əlçatanlığının artırılması və sağlamlıq imkanları məhdud uşaqların daha keyfiyyətli təhsillə təmin edilməsi istiqamətində də tədbirlərin davamlılığını təmin edilməsi qeyd olunur.
Fəaliyyət Planının icrası üçün Tədbirlər Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud uşaqların sosial və digər xidmətlərdən istifadəsi və cəmiyyətə inteqrasiyasını təmin edən tələblərin hazırlanmasını təmin edəcək. Regionlarda sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə icma əsaslı dəstək proqramlarının həyata keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsinin təşviq edilməsi işlərini aparacaq. Sosial sifariş əsasında günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyəti də təşviq ediləcək. Regionlarda bu cür mərkəzlər şəbəkəsinin çoxaldılması və mövcud mərkəzlərin işinin təkmilləşdirilməsi də Planda Nazirliyin görəcəyi işlər sırasında qeyd edilib.
Alternativ qayğı xidməti kimi, “himayədar ailə” institutunun tətbiqi və inkişaf etdirilməsinə dair mexanizmlərin müəyyən olunması üçün normativ hüquqi baza yaradılması, uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və bu halların qarşısının alınması istiqamətində qurumlararası əlaqələndirmə işinin təşkili, bu sahədə fəaliyyətin gücləndirilməsi və digər tədbirlər də sənəddə yer alıb.