Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramına cəlb olunanlar arasında Qubadlı rayonundan olan vətəndaşlar da az deyil.
Yurd həsrətinə son qoyulan həmin insanlar müzəffər Ordumuzun Ermənistanın işğalından azad etdiyi doğma yurdlarına özünüməşğulluq proqramının dəstəyi ilə yaratdıqları kiçik ailə təsərrüfatları ilə qayıtmağa hazırlaşırlar.
“Bu möhtəşəm Qələbənin, doğma torpaqlarımıza qayıdışın sevinci, fərəhi, qürur hissləri bizi heç zaman tərk etməyəcək” deyə vurğulayan Qubadlı sakinləri məcburi köçkün olduqları dövrdə həmişə dövlətin dəstəyi ilə əhatə olunduqlarını bildirirlər. Onlar özünüməşğulluq proqramına cəlb olunmalarının da dövlətin daha bir qayğısı olduğunu qeyd edirlər. Proqram əsasında verilmiş mal və materiallar, avadanılıqlar hesabına qurduqları kiçik ailə bizneslərini ata-baba yurdlarında daha da genişləndirmək əzmində olduqlarını söyləyirlər.