Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri terrordan zərər çəkmiş şəxslərlə, ailələrlə görüşüblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssislərindən ibarət qrup Ermənistan tərəfindən dəhşətli terrora məruz qalmış yaşayış məntəqələrində əhali ilə görüşləri davam etdirir.
Hadisənin elə ilk günündən prosesə başlayan ixtisaslı peşəkarlardan ibarət qrup terrorun ağrı-acısını yaşayan, dərin sarsıntı keçirmiş daha 66 nəfərlə profilaktik söhbətlər aparıb. Bərdə və ətraf ərazilərin sakinləri olan həmin şəxslərin hər birinə psixoloji yardımlar göstərilib, psixo-maarifləndirmə işi aparılıb.
Eyni zamanda prosesdə könüllü iştirak edən 2 psixiator müayinələr nəticəsində ehtiyacı olan şəxslərə ilkin tibbi müalicə proseduru həyata keçiriblər.
Ümumilikdə hadisələr nəticəsində psixoloji yardıma ehtiyacı olanlar aşkarlanaraq qeydiyyata alınıb, məskunlaşdıqları ərazilər üzrə psixoloqlara müvafiq bildirişlər verilib. Terror qurbanı olmuş şəxslərin ailələrinin sosial vəziyyətlərinin qiymətləndirilməsi də aparılıb.