Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistanda keçirilən "İcma Dayanıqlılığı və Sosial Rifahın Artırılması üzrə Özbəkistan-Kolumbiya Mərkəzinin Açılışı" beynəlxalq forumunda iştirak edir.
Forumun məqsədi müxtəlif təşəbbüslər vasitəsilə icmanın güclü cəhətlərini müzakirə etmək, həmçinin bu sahədə tədbirlərin gücləndirilməsini təşviq etməkdir.
Forum çərçivəsində V.Behbudov Özbəkistan Prezidenti yanında Sosial Müdafiə Milli Agentliyinin direktoru Mansurbey Olloyorov ilə görüşüb. Görüşdə sosial xidmətlər sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Forumda Agentliyin nümayəndələri ölkəmizin sosial xidmətlər sistemində son illər aparılan islahatlar barədə məlumat veriblər. "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı", həmçinin Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərin əhatə olunduqları sosial xidmətlərdən, "Himayədar ailə" qayğı modeli və övladlığagötürmə sahəsində görülən işlərdən bəhs olunub.
Forum 4-6 sentyabr tarixlərini əhatə edir.