Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurod Səlimovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.
Özbəkistanın media nümayəndələrini Nazirlik yanında İctimai şuranın sədr müavini Bəhruz Məmmədzadə müşayiət edib. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova qonaqları Mərkəzin fəaliyyət istiqamətləri barədə məlumatlandırıb.
Özbəkistanın media nümayəndələri burada sosial cəhətdən həssas əhali qruplarına aid şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün yaradılan şəraitlə tanış olublar. Jurnalistlərə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış Mərkəzdə inklüziv cəmiyyətin inkişafı, həssas kateqoriyalardan olan şəxslərin sosial adaptasiyası istiqamətində həyata keçirilmiş layihələr barədə məlumat verilib.
Mərkəzin İsmayıllıda “DOST EVİ” filialının da açıldığı, həmin filialın bölgədə milli sənətkarlığın inkişafına və təbliğinə, habelə özünüməşğulluq layihələrinin icrasına dəstək məqsədi daşıdığı vurğulanıb.
Qonaqlar Mərkəzdəki təlim studiyalarında yaradıcılıq prosesini izləyib, təlimçi və benefisiarların əl işlərindən ibarət sərgi ilə tanış olublar. İnklüziv Ansamblın müşayiəti ilə Mərkəzin istedadlı benefisiarlarının təqdim etdiyi musiqi nömrələri də Özbəkistan media mənsubları tərəfindən alqışlarla qarşılanıb. Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.