Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nə artıq 8,5 minədək şəxs cəlb olunub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Azərbaycandakı Ölkə Meneceri Sara Mayklın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev layihənin ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində önəmini diqqətə çatdırıb. Qeyd olunub ki, layihənin hədəfi 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatının yaradılmasıdır. Həssas qruplara aid şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və s.) kiçik biznesə yiyələnmələrinə imkan yaradan layihə həmçinin məşğulluq xidmətlərinin və proqramlarının təkmilləşdirilməsinə dəstək məqsədi daşıyır.
Görüşdə Sara Maykl, habelə “Məşğulluğa Dəstək Layihəsi” üzrə qiymətləndirmə missiyasının üzvləri - Dünya Bankının sosial müdafiə məsələləri üzrə baş mütəxəssisi Mirey Ovadiya, layihənin baş iqtisadçısı Sirma Demir Şeker və missiyanın digər üzvləri ilə layihənin komponentləri üzrə görülən işlər müzakirə olunub.
Sosial şəbəkələrdə də bizi izləyin: