Layihəyə cəlb olunanların sayı 8114-ə çatıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 1591 işsiz şəxs cəlb edilib. Beləliklə, layihəyə cəlb olunanların sayı 8114-ə çatıb.
Ümumilikdə 22 min şəxsin kiçik biznesə çıxışına dəstək verilməsi məqsədi daşıyan layihənin iştirakçıları üçün əvvəlcə təlimlər təşkil olunur. Təlimlərin sonunda keçirilən qiymətləndirmədə biznes planlarını müdafiə edən şəxslər istehsal və xidmət sahələri üzrə təsərrüfatlarını yaratmaları üçün avadanlıqlarla təmin olunurlar.
Layihənin məqsədi işsiz kimi qeydiyyata alınmış həssas qruplara aid şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və b.) özünüməşğulluq üzrə kiçik bizneslərinin yaradılmasıdır.