Layihə ilə bağlı Ağdaş və Göyçayda ictimai dinləmələr keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində ötən dövrdə artıq 15150 nəfər şəxs üçün kiçik bizneslər yaradılıb.
Bu barədə layihə ilə bağlı Ağdaş və Göyçay rayonlarında keçirilən ictimai dinləmələr zamanı bildirilib.
Qeyd olunub ki, özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olan “Məşğulluğa Dəstək Layihəsi” həssas qruplardan (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və b.) olan işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik biznesə çıxışına imkan yaradır. Bu layihənin 22 min şəxsi əhatə etməsi nəzərdə tutulub.
İşsiz və işaxtaran şəxslərin iştirak etdiyi ictimai dinləmələr zamanı layihənin hədəf və məqsədləri barədə məlumat verilib. Bu layihənin gözlənilən faydaları, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, layihədə iştirak üçün müraciət qaydaları diqqətə çatdırılıb. Layihə çərçivəsində təşkil edilən “Həvəsləndirmə Mükafatı” müsabiqəsi, digər məşğulluğa dəstək mexanizmləri barədə də məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Onlara layihə və təqdim edilən biznes zərflər barədə məlumatları əks etdirən çap materialları paylanıb.