Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” barəsində məlumatlılığı artırmaq və hədəf kateqoriyalara çatmaq məqsədilə növbəti ictimai dinləmələr Qəbələ və İsmayıllı rayonlarında təşkil olunub.
İşaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyən şəxslərin iştirakı ilə baş tutan görüşlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi barədə məlumat verilib. Layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblərdən, proqramın gözlənilən faydalarından, layihəyə müraciət qaydalarından bəhs olunub.
Əlavə dəstək mexanizmi kimi layihə çərçivəsində təşkil edilən “Həvəsləndirmə Mükafatı” müsabiqəsinin şərtləri və digər məşğulluğa dəstək mexanizmləri diqqətə çatdırılıb.
Qəbələ rayonunda təşkil edilən tədbirdə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçıları da iştirak edib.
Gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunmasında özünüməşğulluq proqramının rolu və əhəmiyyəti vurğulanıb.
Tədbirlərdə iştirakçılara “Məşğulluğa Dəstək Layihəsi” və bu layihə üzrə təqdim edilən biznes zərflər barədə məlumatların əks olunduğu çap materialları da paylanıb.