Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” barəsində məlumatlılığı artırmaq məqsədilə növbəti ictimai dinləmələr Daşkəsən və Gədəbəy rayonlarında təşkil olunub.
İşaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyən şəxslərin iştirak etdiyi görüşlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, eləcə də müraciət və iştirak qaydaları diqqətə çatdırılıb. Görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Həmçinin, layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib.
Sonda iştirakçılara layihə və təqdim edilən biznes zərflər barədə məlumatların əks olunduğu çap materialları paylanıb.
“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub və onlardan artıq bir hissəsi layihənin dəstəyi ilə istehsal və xidmət sahələri üzrə avadanlıqlarla təmin edilərək öz kiçik bizneslərini yaradıb.