Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə birgə ölkəmizin işğaldan azad olunmuş ərazilərində əməyin mühafizəsi və mina təhlükəsizliyinə dair maarifləndirmə tədbirlərini davam etdirir.
Növbəti belə tədbirlər Ağdam rayon mərkəzində və bir neçə kəndində keçirilib. Tədbirlərdə həmin ərazilərdə fəaliyyət göstərən 26 işəgötürən üzrə 500-dək şəxs iştirak edib. Onlara iş yerlərində əməyin mühafizəsi və mina təhlükəsizliyi ilə bağlı ətraflı məlumatlar verilib, sualları cavablandırılıb.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə bu ilin aprel ayından başlayaraq 4 rayonda (Füzuli, Laçın, Tərtər (Suqovuşan, Talış) və Ağdam) 62 işəgötürən üzrə 1000 nəfərdən çox işçinin iştirakı ilə əməyin mühafizəsi və mina təhlükəsizliyinə dair maarifləndirici tədbirlər keçirilib. Həmçinin iştirakçılara qeyd olunan mövzularda yaddaş kitabçası və bukletlər təqdim edilib.