Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi əhalinin sosial sahə üzrə elektron xidmətlərə dair savadlılığının artırılması üçün bölgələrdə təlimləri davam etdirir.
Növbəti təlimlər sabah, mayın 11-də saat 15:00-da Göygöl rayonundakı Heydər Əliyev Mərkəzində və mayın 12-də saat 11:00-da Daşkəsən rayon Mədəniyyət Mərkəzində keçiriləcək.
Bu tədbirlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının müvafiq bəndinə əsasən regionlarda əhalinin rəqəmsallaşma istiqamətində bilik və bacarıqlarının artırılmasına xidmət edir.
Ötən aydan başlayan, artıq Bərdə və Füzuli rayonlarında keçirilmiş təlimlərdə yerli sakinlərə sosial sahə üzrə e-xidmətlər və onlardan istifadəyə dair praktik məlumatlar verilir, sualları cavablandırılır.
Təlimlərin ölkəmizin digər bölgələrində də təşkili nəzərdə tutulub.