Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Əmək və Sosial Müdafiə Nazirliyinin Əmək Müfəttişliyi Qurumunun rəhbəri Bekir Aktürkün başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Səfərin məqsədi iki Nazirlik arasında 2022-2023-cü illər üzrə Tədbirlər Planına uyğun olaraq əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarəti, əməyin mühafizəsi və təhlükəsizliyi, əmək müfəttişlərinin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq müstəvisində təcrübə mübadiləsinin həyata keçirilməsidir.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev son illər ölkəmizdə aparılan sosial islahatlar, bu islahatların tərkib hissəsi olaraq əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi məqsədilə atılan addımlar barədə məlumat verib.
Müvafiq sahələrdə innovativ həllərin geniş tətbiqi işləri, “Əmək və Məşğulluq” altsisteminin üstünlükləri və faydaları diqqətə çatdırılıb. Əməyin mühafizəsi ilə bağlı milli qanunvericilik və iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, əməyin mühafizəsi üzrə milli standartların hazırlanması sahəsində aparılan işlər qeyd edilib.
Yeni yaradılan Əməyin Mühafizəsi Mərkəzinin işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlərin göstərilməsində, metodiki dəstəyin təmin edilməsində mühüm rol oynayacağı vurğulanıb.
B.Aktürk ölkəmizdə əmək və sosial müdafiə sahələrində innovativ elektron həllərin tətbiqi ilə bağlı uğurlu təcrübəni yüksək dəyərləndirib. O qeyd olunan sahədə islahatlar prosesində qarşılıqlı məlumat və təcrübə mübadilələrinin önəmini vurğulayıb. Nümayəndə heyəti üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinə və “Əmək və Məşğulluq” altsisteminə dair təqdimatlar edilib.