28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günüdür
Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsünə əsasən, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına ictimaiyyətin diqqətinin artırılması üçün 2003-cü ildən 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd edilir.
Azərbaycan sosial dövlət olaraq eyni zamanda layiqli əməyin təminatı, əməyin mühafizəsi sahəsində fəal dövlət siyasətinə malikdir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən ölkə Konstitusiyasında hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunub. Ulu Öndərin tapşırığı ilə hələ ötən əsrin 90-cı illərində ölkənin əmək və məşğulluq sahəsində qanunvericilik bazası yaradılıb. 1999-cu ildə qəbul edilmiş Əmək Məcəlləsində əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri dolğun şəkildə əks olunub.
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində ölkəmizdə məşğulluq imkanları daim artırılmaqla, sosial ödənişlərdə, o cümlədən əməkhaqlarında ciddi artımlar təmin edilib. Həmçinin əmək hüquqları sisteminin mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirilməsi üçün mühüm addımlar atılıb. BƏT-lə sıx əməkdaşlıq edən Azərbaycan ötən dövrdə bu Təşkilatın 60-a yaxın Konvensiyasını, habelə 10 fundamental Konvensiyasından 9-nu ratifikasiya edib. Həmin sənədlərdən irəli gələn prinsiplər milli qanunvericilikdə tətbiq olunub.
Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə, o cümlədən sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına dövlət nəzarəti həyata keçirilir. Həmçinin işəgötürənlərə əməyin mühafizəsi və təhlükəsizliyi sahələrində təlim və məsləhət xidmətlərinin, metodiki dəstəyin göstərilməsi, əməyin mühafizəsi üzrə standart norma və qaydaların müəssisələrdə tətbiqi, iş yerlərinin attestasiyası və s. kimi xidmətlərin göstərilməsi üçün ötən il Xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi də yaradılıb.
2022-ci ildə "Əmək və Məşğulluq" altsistemi (ƏMAS) istifadəyə verilib. Bu e-sistem bütün əmək münasibətlərinin e-platformaya keçidinə imkan yaradıb. Həmçinin əmək qanunvericiliyinə əməl olunmasına proaktov e-nəzarət mexanizmi tətbiq olunur. Bu sahədə e-audit, iş yerlərinin attestasiyası və s. kimi e-modullar da hazırlanaraq istifadəsinə başlanıb.
Xidmət tərəfindən əməyin mühafizəsi ilə bağlı işçi və işəgötürənlər arasında ardıcıl məlumatlandırma işləri də aparılır. Ötən ildən bu tədbirlər artıq işğaldan azad edilmiş ərazilərimizi də əhatə edir.
Əməyin mühafizəsinin iqlim dəyişmələrinin fəsadlarından qorunması bu gün xüsusi aktuallıq kəsb edir. BƏT-in 2024-cü ildə Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar devizi da bununla bağlıdır. Aprelin 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan şəhərində təşkil etdiyi, Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan MR-in 100 illiyinə həsr olunmuş konfrans da “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda olmaqla, bu mövzuya ictimaiyyətin diqqətinin və müvafiq sahədə məlumatlılığın artırılmasına yönəlib.
Nazirlik tərəfindən “Dəyişən iqlim şəraitində əməyin mühafizəsinin təşkili" kampaniyası çərçivəsində ölkənin bölgələrində ardıcıl maarifləndirmə tədbirləri də keçirilir. İşəgötürənlərə iqlim dəyişikliyi fonunda əməyin mühafizəsinin təmin edilməsi, əməyin mühafizəsi və gigiyenası ilə bağlı norma və qaydalara dair ətraflı məlumatlar verilir.